Gürcüstanın Xarici İşlər Nazirliyi - Polşanın səfir səlahiyyətlərini icra edən şəxslə görüşdə polşalı həkimin davranışının anlaşılmazlıq, narahatlıq yaratdığı və bütün prosesdə etibarı itirdiyi vurğulanıb
Gürcüstanın Xarici İşlər Nazirliyində nazir İlia Darçiaşvili ilə Polşanın Gürcüstandakı səfir səlahiyyətlərini icra edən Mariuş Pietr Jak arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyi tərəfindən verilmiş məlumatda görüşdə gürcü tərəfinin polşalı həkimlə əlaqədar, həkimlərdən birinin proseduru pozaraq məhkum Mixeil Saakaşvilinin tibbi nümunəsini klinikadan çıxarmağa cəhd etdiyi insidentlə bağlı narahatlığını ifadə etdiyi deyilir.
“Polşalı diplomata dövlətin ictimaiyyətin Mixeil Saakaşvilinin səhhəti barədə dolğun məlumata malik olmasında maraqlı olduğu bir daha izah olunub. Müvafiq olaraq, ailənin istəyi olması halında əcnəbi həkimlərin klinikaya buraxılması barədə dəfələrlə razılıq ifadə olunmuşdu, Strasburq İnsan Haqları Məhkəməsinin qərarı ilə məhkum Saakaşvilinin müalicə üçün Polşaya göndərilməsindən imtina edildiyinə baxmayaraq, polşalı həkimlərin ailənin vasitəçiliyi və Polşa səfirliyinin dəstəyi ilə məhkum Saakaşvilini ziyarət etməsi bunun sübutudur.
Görüşdə gürcü tərəfi Polşanın tibbi missiyasına daxil olan həkimlərdən birinin davranışının anlaşılmazlıq, narahatlıq yaratdığını və bütün prosesdə etibarı itirdiyini vurğulayıb.
Xarici İşlər Nazirliyində polşalı diplomatdan hadisə ilə bağlı mövqeyini bildirməsi istənilib. Görüşdə polşalı diplomat həkimin oxşar davranışına nəyin səbəb olması barədə məlumatlı olmadığını qeyd edib” – deyə Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.