Gürcüstanın Polşadakı səfiri - Polşa Gürcüstanın Avropaya inteqrasiyasını hər zaman dəstəkləyib, bu mövqenin prezidentlərin görüşündə bir daha təsdiqlənəcəyinə ümidvaram
Gürcüstanın Polşadakı səfiri - Polşa Gürcüstanın Avropaya inteqrasiyasını hər zaman dəstəkləyib, bu mövqenin prezidentlərin görüşündə bir daha təsdiqlənəcəyinə ümidvaram

 

Gürcüstanın Polşadakı səfiri Zurab Beridze Gürcüstan və Polşa prezidentlərinin görüşündə ikitərəfli münasibətlərin müzakirə olunacağını bildirib. O, Polşanın tarixən Gürcüstanın Avropaya inteqrasiyasını hər zaman dəstəklədiyini və prezidentlərin görüşündə belə bir mövqenin bir daha təsdiqlənəcəyinə ümid etdiyini qeyd edib.

“Gürcüstan prezidentinin Varşavada polşalı həmkarı Anjey Duda ilə görüşü olacaq. Prezidentlərin təkbətək görüşündən sonra mətbuata açıqlamalar veriləcək. Təbii ki, ikitərəfli münasibətlərimiz, bizim üçün aktual olan Avropa və Avro-Atlantik inteqrasiya istiqamətində Polşanın tərəfdaş ölkə kimi dəstəyi müzakirə olunacaq. Ənənəvi olaraq, tarixən Polşa hər zaman bizi dəstəkləyib və Polşanın bu mövqeyinin bu görüşdə bir daha təsdiqlənəcəyinə ümidvaram” -deyə Beridze açıqlayıb.

Səfir Salome Zurabişvilinin Osventsim şəhərində Müqəddəs Qriqol Peradzenin əzablı ölümünün 80 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcəyini də bildirib.

“Osventsim düşərgəsi muzeyində dua oxunacaq, görüşlər və çıxışlar olacaq. Gürcüstan Prezidenti işgüzar səfəri zamanı Krakovda prezident Lex Kaçinskinin və xanımının məzarı üzərinə əklil qoyacaq, xatirələrini ehtiramla yad edəcək. Gürcüstan Prezidenti adından Krakov vilayətinin rəsmilərinin iştirak edəcəyi ziyafət də nəzərdə tutulub.

Polşa Avropaya inteqrasiyamızı, Avro-Atlantik strukturlara inteqrasiyamızı hər zaman dəstəkləyir. Prezident Dudanın bəyanatlarında bu dəstək hər zaman açıq və aydındır”-deyə Zurab Beridze açıqlayıb.