Gürcüstanın müdafiə naziri Azərbaycanın səfiri və müdafiə attaşesi ilə görüşüb
Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata əsasən, tanışlıq məqsədli görüşdə tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin əhəmiyyətini müzakirə ediblər.
“Müdafiə naziri Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması prosesinə töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib. Yüksək səviyyəli səfərlərin müsbət dinamikası da vurğulanıb.
Görüşdə müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Beynəlxalq təlimlərdə birgə iştirak və hərbi təhsil istiqamətində əməkdaşlıq məsələlərinə diqqət yetirilib.
Görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı Müdafiə Attaşesi polkovnik Fuad İbrahimov iştirak edib”, – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.