Gürcüstanın Milli Bankı- Valyuta bazarında müşahidə olunan dalğalanmalar qısamüddətlidir və fundamental makroiqtisadi amillərə görə baş vermir
Gürcüstanın Milli Bankı- Valyuta bazarında müşahidə olunan dalğalanmalar qısamüddətlidir və fundamental makroiqtisadi amillərə görə baş vermir

 
Gürcüstanın Milli Bankı valyuta hərracında 60 milyon dollarlıq intervensiya həyata keçirib.

Milli Bankdan verilmiş məlumata əsasən, bazara likvidliyin verilməsi ilə bağlı qərar Milli Bank tərəfindən son günlər valyuta bazarında inkişaf edən və birdəfəlik iri əməliyyatlarla müşayiət olunan ajiotajlı proseslərlə əlaqədar qəbul edilib. Nəticədə valyutaya həddən artıq tələb qeydə alınıb ki, bu da larinin məzənnəsinə əlavə təzyiq yaradıb.

“Bununla yanaşı, valyuta bazarında müşahidə olunan dalğalanmaların fundamental makroiqtisadi amillərə görə baş vermədiyini və müvafiq olaraq qısamüddətli olduğunu izah edirik. Makroiqtisadi parametrlər sağlam vəziyyətdədir – beynəlxalq ehtiyatlar tarixi maksimumundadır, xarici daxilolmalar stabildir, cari hesab kəsiri tarixi minimumdadır, son üç ildə yüksək iqtisadi artım qeydə alınıb, inflyasiya 3%-lik hədəfdən aşağıdır, fiskal balans və dövlət borcu da davamlı səviyyədə saxlanılıb.

Maliyyə sisteminin düzgün və effektiv şəkildə fəaliyyət göstərməsi üçün kommersiya bankları sağlam gəlirliliyə və yüksək keyfiyyətli aktivlərə, möhkəm kapitala və müştərilərə ləngimədən xidmət göstərmək və iqtisadiyyata kredit vermək üçün möhkəm likvidlik buferlərinə malikdir. Bu gün bank sistemində likvid aktivlərin ümumi həcmi 16,7 milyard larinin ekvivalentini aşır ki, bu da potensial şoklara qarşı misli görünməmiş dayanıqlılıqdan xəbər verir. Bugünkü gündə Gürcüstanın maliyyə sistemi Avropada ən güclü sistemlərdən biridir”- Gürcüstanın Milli Bankının bəyanatında deyilir.

Həmçinin, Gürcüstanın Milli Bankında qeyd edirlər ki, qurum bazara müşahidəni davam etdirəcək və maliyyə bazarının sabitliyini təmin etmək üçün sahib olduğu bütün təsir vasitələrindən istifadə edəcək.