Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Asiya İnkişaf Bankının (AİB) prezidenti Masatsuqu Asakava ilə görüşüb
Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Asiya İnkişaf Bankının (AİB) prezidenti Masatsuqu Asakava ilə görüşüb

 
Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Asiya İnkişaf Bankının (AİB) prezidenti Masatsuqu Asakava və bankın digər rəhbər şəxsləri ilə görüşüb.

Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda, Asiya İnkişaf Bankının Filippin Respublikasının paytaxtı Manila şəhərindəki baş ofisində keçirilən görüşdə maliyyə nazirinin müavini Ekaterine Quntsadzenin də iştirak etdiyi deyilir.

Nazirlikdən verilmiş məlumatda, tərəflərin Gürcüstan və Asiya İnkişaf Bankı arasında əməkdaşlıq məsələlərini və bankın ölkədə maliyyələşdirdiyi layihələrin gedişini müzakirə etdikləri bildirilir. Bu il mayın 2-5-də Gürcüstanda AİB-in 57-ci illik toplantısının keçirilməsinin əhəmiyyətinə diqqət yetirilib.

Nazirlikdən açıqlandığı üzrə, Asiya İnkişaf Bankının prezidenti Gürcüstanın illik toplantıya hazırlıq işlərini yüksək qiymətləndirib və ölkənin bu irimiqyaslı tədbirə uğurla ev sahibliyi edəcəyinə əminliyini bildirib.

Tərəflər həmçinin Asiya İnkişaf Bankının Gürcüstanla əməkdaşlığının ölkəyə yaşıl və inklüziv iqtisadiyyatın inkişafına kömək edəcək yeni strategiyasını müzakirə ediblər. Strategiyada regional əməkdaşlığa və inteqrasiyaya, eləcə də özəl sektorun təşviqinə, insan kapitalının inkişafına və iqlim dəyişikliyinə xüsusi diqqət yetirilir.