Gürcüstanın bütün vətəndaşları yalnız Müdafiə Nazirliyində məcburi hərbi xidmətdən keçəcəklər
Gürcüstanın bütün vətəndaşları yalnız Müdafiə Nazirliyində məcburi hərbi xidmətdən keçəcəklər

 

Məcburi hərbi xidmətə yenidən baxılıb, islahat aparılacaq və bütün şəxslər yalnız Müdafiə Nazirliyində məcburi hərbi xidmətdən keçəcəklər – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında açıqlayıb.

Hökumət başçısı indiyə qədər sistemin lazım olduğu qədər effektiv olmadığını bildirib.

“Bundan əvvəl sistem dağınıq idi və effektiv deyildi, bunu etiraf etməliyik. Bütün təhlillərə görə, bu xidmət bizim almaq istədiyimiz effekti vermirdi. Bu səbəbdən təhlükəsizlik xidmətinə daxil olan nazirliklərlə söhbətimiz oldu və məcburi hərbi xidmətin tamamilə Müdafiə Nazirliyinin sisteminə keçirilməsinə dair razılaşdıq. Effektiv sistem yaradılacaq, proqram altı, səkkiz və 11 aylıq olacaq. Bu intensiv hərbi hazırlıq olacaq. Bu proqramı başa vurduqdan sonra şəxs məcburi hərbi xidməti başa vurmuş olacaq və ona sıravi rütbəsi veriləcək. Əsas məqsəd güclü rezerv yaratmaq olacaq” – deyə Baş nazir açıqlayıb.

İrakli Ğaribaşvili layihənin 80 milyon laridən çox vəsaitə başa gələcəyini bildirib.

“Çağırış regional nazirlik əvəzinə Müdafiə Nazirliyi tərəfindən həyata keçiriləcək. Bu proses yanvar ayından başlayacaq, lakin proqram 2025-ci ilin yanvarın 1-dən işə salınacaq. O vaxta qədər sistem hazırlanacaq. Gənclərin bölgədə informasiya əldə etməsini asanlaşdırmaq üçün bölgələrdə müdafiə mərkəzləri tikmək istəyirik. Bu layihə bizə 80 milyon laridən çox vəsaitə başa gələcək”–deyə Ğaribaşvili açıqlayıb.