Gürcüstanın Birinci Kanalının bəyanatı

16:53, 07.10.2026

Gürcüstan Birinci Kanalının arxivi ilə bağlı sosial şəbəkədə ictimaiyyəti qəsdən çaşdırmağa yönəlmiş yalan məlumatlar yayılıb.
Ölkəmizin tarixini, mədəniyyətini və ortaq yaddaşını əks etdirən gürcü televiziya irsinin tam qorunduğunu və yayılan fotoların Birinci Kanalın yeni arxiv anbarlarını əks etdirmədiyini tam məsuliyyətlə və aydın şəkildə bəyan etmək istəyirik.

Gürcüstan Birinci Kanalının arxivində Gürcüstanın səsinin və simasının qorunduğunu tam dərk edirik — bu arxivdə bu gün artıq aramızda olmayan insanlar, ölkəni dəyişdirən hadisələr və nəsillərin yetişdiyi incəsənət yer alır. Bu irs bizə bir çox insanın əməyi sayəsində gəlib çatıb və məhz buna görə də cəmiyyətə aydın şəkildə bəyan edirik: gürcü televiziya irsi tam qorunur və onun gələcək nəsillərə eksiksiz ötürüləcəyinə dair bütün məsuliyyəti üzərimizə götürürük.

Məhz bu məsuliyyəti yerinə yetirmək üçün uzunmüddətli, mürəkkəb və ardıcıl işlər görülüb, dövlət əhəmiyyətli bir layihə həyata keçirilib — Birinci Kanalın arxivi müasir texnologiyalarla təchiz olunmuş yeni binada, anbarlarda yerləşdirilib, gürcü kino irsinin mühüm bir hissəsi isə Gürcüstan Milli Arxivinə təhvil verilib.

Bu nəticənin əldə olunması uzun və mürəkkəb bir prosesin bəhrəsidir. Milli Arxivlə əməkdaşlıq çərçivəsində materialların çeşidlənməsi, kataloqlaşdırılması, sənədlərin elmi və texniki cəhətdən işlənməsi, eləcə də onların müvafiq anbarlara köçürülməsi prosesi həyata keçirilib. Bu işin arxasında minlərlə materialı qoruyan, qeydiyyata alan və onlara yer ayıran peşəkar mütəxəssislər dayanır. Onların əməyinin üzərinə yalan ittihamlarla kölgə salmaq ədalətsizlik və məsuliyyətsizlikdir.

Köhnə binada qalmış və artıq özgəninkiləşdirilmiş materialların fotoları vasitəsilə elə bir təəssürat yaradılır ki, sanki bu şəkillər Birinci Kanalın yeni anbarlarında çəkilib və Gürcüstanın televiziya irsi məhv olmaq təhlükəsi ilə üz-üzədir.

Reallıq isə tam əksidir – yeni binaya köçmə çərçivəsində miqyaslı işlər həyata keçirilib: 1957-ci ildən 1998-ci ilə qədər gürcü televiziya studiyası tərəfindən yaradılmış kino materialları, ümumilikdə təxminən 27 000 qutu, Milli Arxivə təhvil verilib. Onların arasında redaksiyalar tərəfindən 16 mm-lik kinolentə çəkilmiş 2 454 vahid material, həmçinin “Gürcü Telefilmi” tərəfindən istehsal olunmuş bədii, sənədli və musiqili filmlər, həmçinin 35 mm-lik kinolentdə olan fond materialları — ümumilikdə 1 663 vahid material yer alır.

Köhnə anbarın müvafiq stellajları da məhz bu materialların yerləşdirilməsi üçün Gürcüstan Milli Arxivinə təhvil verilib, onların metallom kimi təhvil verilməsi barədə yayılan məlumatlar isə tamamilə yalandır.

İctimaiyyətə köhnə binada qalan materialların nədən ibarət olduğunu da izah edirik və bildiririk ki, gürcü arxivi irsi ilə köhnə kino anbarında mövcud olan digər kateqoriyalı materialları bir-birindən kəskin şəkildə fərqləndirmək zəruridir: kino anbarında SSRİ-nin teleyayım sistemindən daxil olmuş, Sovet respublikaları və xarici istehsal olan filmlərin 14 709 nüsxəsi saxlanılırdı. Yayımçı uzun müddətdir ki, bu materiallar üzərində efirdə istifadəyə dair müvafiq hüquqlara sahib deyil. Xüsusilə qeyd edilməli və diqqətə alınmalı olan fakt isə budur ki, çoxsaylı nümayişlər nəticəsində bu lentlər əhəmiyyətli dərəcədə köhnəlmiş və tamamilə yararsız hala düşmüşdür.

Bu kateqoriyadan Milli Arxiv “Gürcü Filmi” kinostudiyası tərəfindən istehsal olunmuş gürcü filmlərinin 709 nüsxəsini seçərək köçürmüşdür. Qalan materiallar isə hüquqi statusları və texniki vəziyyətləri nəzərə alınaraq Milli Arxiv tərəfindən qəbul edilə bilməmişdir. Dublikat nüsxələr, yararsız hala düşmüş lentlər və qutular hərrac (auksion) yolu ilə alıcı şirkətə təhvil verilmişdir.

Xatırlatmaq istəyirik ki, Kostava küçəsi 68 ünvanında yerləşən bina artıq Gürcüstan Birinci Kanalının mülkiyyəti deyil, bu fotolar isə Birinci Kanalın yeni arxiv anbarlarını və orada qorunan arxivin vəziyyətini əks etdirmir.

Artıq özgəninkiləşdirilmiş və yararsız hala düşmüş materialların gürcü televiziya irsinin məhv edilməsinin sübutu kimi təqdim olunması faktların kobud şəkildə təhrif etməkdir. Bu cür məlumatların yayılması İctimai Yayımçının nüfuzuna əsassız olaraq xələl gətirir və ölkə üçün mühüm əhəmiyyət kəsb edən arxiv irsinin qorunması və qaydaya salınmasında böyük əmək sərf etmiş mütəxəssislərin işinə kölgə salır.

İctimai Yayımçının hər bir vətəndaş qarşısında hesabatlılıq öhdəliyi var. Görülmüş işlər və arxivin saxlanma şəraiti barədə maraqlı tərəflərə tam məlumat verməyə, eləcə də sualları faktlar və müvafiq sənədlərlə cavablandırmağa hazırıq.
İctimai Yayımçının fəaliyyətinin tənqidi həqiqətə əsaslanmalıdır. Ölkənin mədəni irsinin qorunması məsələsində ictimaiyyəti çaşdırmaq yolverilməzdir və ifadə azadlığı hüququnun sərhədlərini aşır.
Yalan məlumat yayanları ictimai məkanda dərc olunmuş ittihamları dərhal düzəltməyə və cəmiyyətə həmin ictimai məkanda yalnız faktlara əsaslanan, yoxlanılmış məlumatlar təqdim etməyə çağırırıq; əks halda, bu, tərəfimizdən açıq şəkildə təqdim olunan faktlara məhəl qoyulmaması kimi qiymətləndiriləcəkdir.
Gürcüstan Birinci Kanalı öz işgüzar nüfuzunu və bu işdə əməyi olan insanların peşəkar ləyaqətini qoruyacaqdır. Böhtan xarakterli ittihamların yayılması davam edəcəyi təqdirdə, yayımçı qanunla nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən istifadə etməyi nəzərdən keçirir.
Arxivimiz ortaq yaddaşımızdır. Onun qorunması üçün sərf olunan əmək cəmiyyət tərəfindən həqiqətə əsaslanaraq qiymətləndirilməlidir. Bu irsin adından istifadə edərək insanları çaşdırmaq isə qətiyyən yolverilməzdir.

Oxşar