Gürcüstanın birinci kanalı Ümumdünya Qadınlara Qarşı Zorakılıqla Mübarizə Gününə qoşulub
Gürcüstanın birinci kanalı müxtəlif tədbirlər vasitəsilə qadınlara qarşı zorakılığa qarşı kampaniyada fəal iştirak edir. Artıq dördüncü ildir ki, 25 noyabr Beynəlxalq Qadınlara Qarşı Zorakılığın Qarşısının Alınması Günündə İctimai Yayım Binası ənənəvi olaraq qırmızı rəngdə işıqlandırılır.
Maarifləndirmə istiqamətində fəaliyyət göstərməklə yanaşı, yayımçı özü də istər aktual məsələləri, istərsə də təşkilati qərarları işıqlandırmaqda fəal və təsirli addımlar atır.
Gender bərabərliyinin təşviqi məsələsi İctimai Yayımçının demək olar ki, bütün proqramlarına inteqrasiya olunub. Cari proqramlarda aktual və problemli mövzular, həmçinin ən yaxşı nümunələr və uğur hekayələri işıqlandırılır.
Qızların yaxşı təhsil və bərabər iş imkanları ilə təmin edilməsi onların gücləndirilməsi üçün ilkin şərtdir. Qeyd edək ki, Gürcüstanın birinci kanalı təşkilatın bazasında qızların video operator təcrübə proqramına daxil olmasını təmin edib; Bu halda məqsəd gender stereotipli peşələrdə qadınların işlə təmin olunmasının təşviq edilməsidir.
2020-ci ildə yayımçı gender qrupunun sədri Tinatin Berdzenişvilinin rəhbərliyi ilə 11 ölkənin nümayəndələrinin iştirakı ilə Avropa Yayım Birliyinin (EBU) gender qrupu tərəfindən hazırlanmış “All Things Being Equal” sənədini praktikada tətbiq edib.
Gender balansını qorumaq üçün Gürcüstanın birinci kanalı BBC ilə əməkdaşlıq edərək yaxın illərdə efirdə – radio və televiziyada, eləcə də onlayn platformada gender balansına nail olmaq məqsədi daşıyan “50:50” layihəsini həyata keçirir. Hazırda, layihəni 20 ölkədə 70 təşkilat həyata keçirir. BBC ilə imzalanmış memorandum çərçivəsində sözügedən layihə bir neçə il Gürcüstanın birinci kanalında həyata keçiriləcək.
2022-ci ildə ictimai yayımçı Gürcüstanın Birinci Kanalının komandası və BMT-nin Qadın nümayəndələrinin birgə işlədiyi cinsi tacizin qarşısının alınması və reaksiya mexanizmini təsdiqləyib. Sənəd işçilərin iş yerində cinsi taciz barədə məlumatlılığını artırmaq, təşkilatda oxşar faktların qarşısını almaq məqsədi daşıyır və müvafiq reaksiya mexanizmini ehtiva edir.
Müəllif -
Mehemmed Bayramaliyev