Gürcüstanın Birinci Kanalı Moldovanın İctimai Yayımçısına yeni binanın layihəsini hədiyyə olaraq təqdim edib
Gürcüstanın Birinci Kanalı Moldovanın İctimai Yayımçısına yeni binanın layihəsini hədiyyə olaraq təqdim edib

 

Avqustun 22-də Moldovanın Kişinyov şəhərində Gürcüstanın İctimai Yayımçısı, Moldovanın İctimai Yayımçısı və “Tbilkalakproekti”nin birinci şəxsləri üçtərəfli əməkdaşlıq memorandumu imzalayıblar.

Memorandumun imzalanma mərasimi Moldovanın İctimai Yayımçısında keçirilib. Tədbirdə Moldova Parlamentinin Mədəniyyət, Təhsil, Tədqiqat, Gənclər, İdman və Media Komissiyasının sədr müavini – Paslariuk Virqiliu və Gürcüstanın Moldovadakı səfiri Levan Diasamidze iştirak ediblər.

Memorandum çərçivəsində, İctimai Yayımçı tərəfindən Tbilisidə, Anna Politkovskaya küç.№31-də tikiləcək yeni binanın ictimai müsabiqə və sonrakı dövlət tenderi çərçivəsində satın alınmış memarlıq (və əlaqəli) layihəsi Moldovanın İctimai Yayımçısına təmənnasız veriləcək və Moldova yayımçısı onlara uyğunlaşdırılmış versiyada bundan istifadə edəcək.

“Memorandumun imzalanması təcrübə mübadiləsi üçün həmrəylik aksiyasıdır. Biz hər iki təşkilat Avropa Yayımçılar İttifaqının fəal üzvləriyik, bizi ümumi dəyərlər birləşdirir və ümumi arzularımız var. Məhz bu səbəbdən bir-birimizi dəstəkləmək və kömək etmək güclü ictimai yayımçı , müvafiq olaraq demokratik və azad cəmiyyət və xalq deməkdir”- deyə Gürcüstan İctimai Yayımçısının baş direktoru Tinatin Berdzenişvili bildirib.

Bundan başqa, Gürcüstan və Moldova Respublikası arasında mövcud əlaqələri və çoxtərəfli əməkdaşlığı nəzərə alaraq, memorandum aşağıdakı istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur:

Ölkələrin coğrafiyasını, dilini və mədəniyyətini, adət və ənənələrini əks etdirən sənədli filmlər, proqramlar, media məhsulları ilə tanışlıq və yayım;

Media layihələrinin birgə istehsalı, müasir texnologiyaların, o cümlədən media materiallarının arxivləşdirilməsi sahəsində tətbiqinin təşviqi;

Mütəxəssislərin hazırlanmasının müasir forma və üsullarının tətbiqinə köməklik göstərilməsi, birgə tədbirlərin və təlim kurslarının, seminarların təşkili və s. keçirilməsi;

Sərgilərin, konfransların və digər aktivliklərin təşkilində birgə iştirak, eləcə də qarşıdan gələn tədbirlər haqqında qarşılıqlı məlumat mübadiləsi.