Gürcüstanın bir neçə avtomobil yolunda xüsusi hərəkət rejimləri tətbiq edilib
Gürcüstanın bir neçə avtomobil yolunda xüsusi hərəkət rejimləri tətbiq edilib

 
Əlverişsiz hava şəraiti ilə əlaqədar Gürcüstanın bir neçə avtomobil yolunda xüsusi hərəkət rejimləri tətbiq edilib.

Avtomobil Yolları İdarəsinin məlumatına əsasən, avtomobil yolunun aşağıdakı hissələrində xüsusi hərəkət rejimlərin müəyyən edilib:

Qarın yağması ilə əlaqədar beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində, respublika əhəmiyyətli Qomi-Saçxere-Chiatura-Zestaponi daxili avtomobil yolunda, respublika əhəmiyyətli Kutaisi (Motsameta)-Tğibuli-Ambrolauri daxili avtomobil yolunun 39 km -62 km (Nakerala dağ keçidi) hissəsində və respublika əhəmiyyətli Saçxere (Sareki)-Uzunta-Şkmeri-Zudali daxili avtomobil yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

İntensiv qar və aşağı temperatur ilə əlaqədar respublika əhəmiyyətli Vaziani-Qombori-Telavi daxili avtomobil yolunun 36 km- 47 km (Tetritsğlebi-Verona) hissəsində yalnız yolsuzluq avtomobillərinin hərəkətinə icazə verilir. Avtomobil yolunun qalan hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Qar və qar uçqunu təhlükəsi ilə əlaqədar respublika əhəmiyyətli Zuqdidi-Cvari-Mestia-Lasdili daxili avtomobil yolunun 178 km -185 km (Kala-Uşquli) hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Eyni avtomobil yolunun 70 km- 178 km (Xaişi-Qala) hissəsində qoşqulu, yarımqoşqulu avtonəqliyyat vasitələri və M3 kateqoriyalı 22-dən çox oturacaq yeri olan (sürücü oturacağı istisna olmaqla) sərnişin daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. 100 km -178 km (Laxamula-Kala) hissəsində sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə yüngül avtomobillərin hərəkətinə icazə verilir. Yolsuzluq avtomobillərinin hərəkəti sərbəstdir. Avtomobil yolunun 1 km -70 km (Zuqdidi-Xaişi) hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.