Gürcüstanın Ədliyyə Nazirliyi 2026-cı ildə BMT-nin Ümumdünya Dövlət Xidmətləri Forumuna ev sahibliyi edəcək
Gürcüstanın Ədliyyə Nazirliyi 2026-cı ildə BMT-nin Ümumdünya Dövlət Xidmətləri Forumuna ev sahibliyi edəcək. Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayır.
Verilmiş məlumatda, Gürcüstanın ədliyyə naziri Rati Breqadze ilə Birləşmiş Millətlər Təşkilatının baş katibinin müavininin Amerika Birləşmiş Ştatlarında görüşündə BMT-nin Ümumdünya Dövlət Xidmətləri Forumunun Gürcüstanda keçirilməsinin mümkünlüyünün müzakirə edildiyi deyilir. Birləşmiş Millətlər Təşkilatı bunu təsdiq edən rəsmi məktubla Gürcüstanın Ədliyyə Nazirliyinə məlumat verib.
BMT-nin baş katibinin müavini Li Cunhua Gürcüstanın Ədliyyə Nazirliyinə dövlət idarəçiliyinə verdiyi dəstəyə görə təşəkkür edir.
“Biz davamlı inkişafın effektiv mexanizmi kimi dövlət idarəçiliyinin gücləndirilməsində göstərdiyiniz dəstəyə görə təşəkkür edirik və 2026-cı ildə keçiriləcək foruma hazırlıq üçün Gürcüstan hökuməti ilə işləməyi səbirsizliklə gözləyirik” – məktubda deyilir.
Rati Breqadze 2023-cü ilin dekabrında Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri çərçivəsində BMT-nin baş katibinin müavini Li Cunhua ilə görüşüb. Gürcüstanın ədliyyə naziri sürətli, səmərəli və istifadəçilər üçün əlverişli dövlət xidmətlərinin Gürcüstanın Ədliyyə Nazirliyi və hökumətinin vizit kartı olduğunu; Qurumun isə rəqəmsal və innovativ texnologiyaların tətbiqi də daxil olmaqla, ona əlçatanlığı daim təkmilləşdirdiyini xüsusilə vurğulayıb.
BMT-nin Dövlət Xidmətləri Forumunda hər il müxtəlif ölkələrdən 800-dən 1000-dək nümayəndə, o cümlədən hökumət liderləri, aparıcı siyasətçilər və müxtəlif sektorların nümayəndələri iştirak edirlər. Forum çərçivəsində iştirakçılar dövlət xidmətləri istiqamətində müasir çağırışları, innovativ təcrübələri və strateji inkişaf imkanlarını müzakirə edirlər.