Gürcüstandan katalizatorların ixracı qadağan olunacaq
Gürcüstandan katalizatorların ixracı qadağan olunacaq

 
Gürcüstandan katalizatorların ixracı qadağan olunacaq. Bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında açıqlayıb.

Baş nazir avtomobillərin katalizatorlarının çıxarılaraq xaricə satılmasının acı reallıq olduğunu bildirib. İrakli Ğaribaşvili sözügedən qərarın havanın keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıdığını deyib.

“Artıq 6 ildir yanacağa maksimal şəkildə ciddi nəzarət edirik, keyfiyyət sistemli şəkildə yoxlanılır. Həmçinin, digər kompleks tədbirlər də planlaşdırmışıq. Bildiyiniz kimi, əsas problemlərdən biri nasaz avtomobillərdir. Bəzi hallarda dırnaq arası katalizatorlar məsələsinin bir növ biznesə çevrildiyini bilirik. Biz məsələni öyrəndik və dedik ki, katalizatorların ixracını dayandırmaq lazımdır. Bu səbəbdən ayrıca fərman çıxaracağıq və ölkədən katalizator ixracı qadağan olunacaq, çünki avtomobillərin katalizatorlarının çıxarılaraq xaricə satılması acı reallıqdır. Problemin əsas səbəbi budur. Bu səbəbdən fikrimcə biz bu standartı tətbiq etdikdən sonra tezliklə nəticə əldə edəcəyik, havanın keyfiyyəti yaxşılaşacaq”- deyə İrakli Ğaribaşvili açıqlayıb.