Gürcüstanda “Omikron” ştammına yoluxma halları aşkarlanıb

Gürcüstanda “Omikron” ştammına yoluxma halı aşkarlanıb. Bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.

“Hər iki hal Birləşmiş Ştatlara və Dubayda Yaxın Şərqə səyahət keçmişi olan Gürcüstan vətəndaşlarıdır. Hər ikisi təcrid olunub, onların 26 kontaktı araşdırılır. Bir halda 10 kontakt var, ikinci halda 16. Onlardan 11-i əcnəbi, qalanları Gürcüstan vətəndaşıdır. Onların dərin epidemioloji tədqiqi davam etdirilir. Hər iki yoluxmuş şəxs öz mənzilində, təcrid olunmuş vəziyyətdədir və vəziyyətləri yüngüldür”, – Qamkrelidze deyib.

Xatırladaq ki, “Omikron” kimi tanınan koronavirusun yeni ştammı əvvəlcə Cənubi Afrikada müşahidə edilib, sonra isə digər ölkələrə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, “Omikron” Gürcüstandan başqa, dünyanın daha 89 ölkəsində qeydə alınıb.