Gürcüstanda Hepatit B-nin idarə olunması üzrə dövlət proqramı başlayıb
Gürcüstanda Hepatit B-nin idarə olunması üzrə dövlət proqramı başlayıb. Səhiyyə Nazirliyinin məlumatında, pasiyentlərin xidmətdən tamamilə pulsuz faydalanacaqları deyilir.
Proqramın məqsədi Gürcüstanda Hepatit B-nin səbəb olduğu xəstələnmə, ölüm və infeksiyanın yayılmasının azaldılmasıdır. Proqramın birinci mərhələsində pasiyentlər Hepatit B ilə əlaqədar test və diaqnostikadan keçəcəklər, müalicəyə isə sentyabrdan başlayacaqlar.
Proqram çərçivəsində pasiyentlərin skrininqi, müalicəyə qoşmaq və müalicənin monitorinqi üçün zəruri olan diaqnostik tədqiqatlar dövlət tərəfindən tam qarşılanacaq, eləcə də Hepatit B-nin müalicəvi dərmanları pasiyentlərə pulsuz veriləcək.
Xroniki HBV infeksiyasından əziyyət çəkən şəxslər, eləcə də xroniki Hepatit B diaqnozu qoyulmuş və artıq anti-virus müalicəsi alan şəxslər proqramın benefisiarları olaraq müəyyən ediləcəklər. Pasiyentlərin proqrama qoşulması komissiya qaydası ilə həyata keçiriləcək.
Bu mərhələdə kliniki müalicəyə ehtiyac duymayan Hepatit B-dən əziyyət çəkən şəxslər üçün proqramla həkim tərəfindən təyin olunduğu kimi, 12 ayda bir dəfə təkrar diaqnostik tədqiqatların aparılması nəzərdə tutulub.
Hepatit B virusuna yoluxduğu təsdiqlənməyən şəxslərə xəstəliyin qarşısının alınması məqsədilə, proqram çərçivəsində dövlət tərəfindən tam qarşılanan Hepatit B əleyhinə peyvəndi təklif edəcəklər.
Xidmətlərdən yararlanmaq üçün vətəndaş proqramı təqdim edən müəssisələrə müraciət etməlidir – proqrama ölkə üzrə 15-ə qədər tibb müəssisəsi qoşulub. Səhiyyə Nazirliyində qeyd etdikləri kimi, xidmət göstərənlərin sayı getdikcə artacaq.