Gürcüstan XİN- təəssüf ki, rəsmi Kiyev dost dövlətə və xalqa qarşı diplomatik münasibətlərin kəskinləşməsinin ifrat formasına əl atır
Gürcüstan XİN- təəssüf ki, rəsmi Kiyev dost dövlətə və xalqa qarşı diplomatik münasibətlərin kəskinləşməsinin ifrat formasına əl atır

 
Gürcüstanın Xarici İşlər Nazirliyi Ukrayna hakimiyyətinin Gürcüstan səfiri barəsində məsləhətləşmələr məqsədilə ölkə ərazisini tərk etməsi qərarından dərin narahatlığını ifadə edir. Bu hərəkət diplomatik münasibətlərin kəskinləşməsinin ifrat formasıdır və təəssüf ki, rəsmi Kiyev dost dövlətə və xalqa qarşı bu addımı atır -bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.

Bəyanatda qeyd edildiyi kimi, Ukrayna hakimiyyətinin göstərdiyi səbəb bu qərarı xüsusilə anlaşılmaz edir.

“Strasburq məhkəməsinin qərarı məhkum Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti ilə bağlı spekulyasiyalara son qoydu və bununla da Mixeil Saakaşvilinin hüquqlarının dövlət tərəfindən qorunmasının ən yüksək standartları bir daha təsdiqləndi. Hadisələrin bu cür inkişafı fonunda Ukrayna hakimiyyətinin qərarı iki ölkənin strateji münasibətlərinə əhəmiyyətli dərəcədə xələl gətirir və suveren dövlətin daxili işlərinə birbaşa müdaxiləni ifadə edir.

Ümid edirik ki, rəsmi Kiyev öz qərarına yenidən baxacaq və iki ölkə arasında tarixi dostluq münasibətlərinin daha da inkişafı üçün səy göstərəcək.

Bir daha vurğulamaq istərdik ki, Gürcüstanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə və Ukrayna xalqına dəstəyi sarsılmazdır. Müharibə başlayan gündən Gürcüstan Ukraynaya həm ikitərəfli səviyyədə, həm də müxtəlif beynəlxalq formatlarda siyasi və humanitar dəstək verir.

Rusiyanın hərbi təcavüzü şəraitində ən çətin anlarda belə Gürcüstanın Ukraynadakı diplomatik nümayəndəliyinin fəaliyyətini dayandırmaması da əlamətdardır.

Bu gün Kiyevdə Ukrayna Xarici İşlər Nazirliyində keçirilən görüşdə Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvili Tbilisinin rəsmi mövqeyini Ukrayna tərəfinə çatdırıb.

Buradaca qeyd etmək istərdik ki, Gürcüstan gələcəkdə də müharibə şəraitində olan Ukraynaya həmrəyliyini və dəstəyini ifadə etməkdə davam edəcək. Məhz Ukrayna müharibənin aktiv fazasında olduğuna görə beynəlxalq münasibətlər və xüsusən də tərəfdaşları qarşısında böyük məsuliyyət daşıdığını dərk edən Gürcüstan tərəfi bu mərhələdə Ukraynanın atdığı addımlara cavab olaraq hər hansı əlavə reaksiyada və onsuz da çətin vəziyyəti çıxılmaz hala salacaq ikitərəfli münasibətlərin daha da kəskinləşməsi məsələsində təmkinli davranır”-deyə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.