Gürcüstan XİN- Dimitri Medvedevin bəyanatı işğalçılıq siyasətinin davamıdır, suverenliyi və ərazi bütövlüyünü pozmağın növbəti cəhdidir
Avqust müharibəsinin 15-ci ildönümündə Dimitri Medvedevin bəyanatı Rusiya tərəfindən Gürcüstan ərazilərinin işğalı siyasətinin davamıdır, suverenlik və ərazi bütövlüyünü pozmağın növbəti cəhdidir- bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat və informasiya departamentinin şərhində deyilir.
“2008-ci ilin avqust müharibəsinin 15-ci ildönümündə Rusiya Təhlükəsizlik Şurası katibinin müavininin verdiyi bəyanat Rusiya Federasiyasının Gürcüstan ərazilərinin işğalı siyasətinin davamı, suverenlik və ərazi bütövlüyünü pozmağın növbəti cəhdidir.
Rusiya Federasiyasını beynəlxalq hüququn fundamental prinsip və normalarına hörmət etməyə və 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşmasını yerinə yetirməyə çağırırıq”-deyə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat və informasiya departamentinin şərhində deyilir.
Bununla yanaşı, Xarici İşlər Nazirliyində qeyd olunduğu kimi, Gürcüstan münaqişənin sülh yolu ilə həlli siyasətini və bu yolla Gürcüstan ərazilərinin işğaldan azad edilməsini, müharibə nəticəsində ayrılmış əhali arasında barışıq və sülh şəraitində birgə yaşayışın təmin edilməsini dönmədən davam etdirir.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib: “Abxaziya və Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi ideyası hələ də populyardır, bunun üçün əsaslı səbəb olarsa, həyata keçirilə bilər”.