Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən verilmiş məlumatda bildirilir ki, Macarıstan hökuməti tərəfindən müəyyən edilmiş defisit peşə sahibi olan Gürcüstan vətəndaşları Macarıstanda işləmək imkanı əldə edəcəklər.
Nazirlikdən verilən məlumatda, Macarıstan hökumətinin Gürcüstanı, vətəndaşları müəyyən müddət ərzində sadələşdirilmiş qaydada Macarıstanda iş icazəsi almaq imkanı əldə edəcək ölkələr siyahısına daxil etdiyi deyilir.
İdarədən verilən məlumatda, bu barədə İlia Darçiaşvilinin Budapeştə işgüzar səfəri çərçivəsində keçirilən Gürcüstan və Macarıstan xarici işlər nazirlərinin görüşündə məlum olduğu qeyd olunub.
Xarici işlər naziri İlia Darçiaşvili, Gürcüstan vətəndaşları üçün sadələşdirilmiş məşğulluq mexanizminin tətbiqinin Macarıstanın sarsılmaz dəstəyinin daha bir bariz təsdiqi olduğunu açıqlayıb.
“Macarıstanın ən çox tələbat görən sektorlarında Gürcüstan vətəndaşları üçün sadələşdirilmiş məşğulluq mexanizminin tətbiqinin ikitərəfli gündəliyimizin əsas mövzularından biri olmasına şadam. Macar tərəfdaşlara Gürcüstanı qeyd olunan sadələşdirilmiş prosedurlardan faydalanan ölkələr siyahısına daxil etməyə hazır olduqlarına görə təşəkkür edirəm. Bu fakt Macarıstanın ölkəmizə sarsılmaz dəstəyinin daha bir bariz təsdiqidir” – deyə İlia Darçiaşvili görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.