Gürcüstan və Türkiyə arasında azad ticarət sazişində dəyişikliklər imzalanıb
Gürcüstanın vitse-baş naziri, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və Türkiyənin ticarət naziri Mehmet Muş Gürcüstan və Türkiyə arasında azad ticarət sazişində dəyişiklikləri imzalayıblar. İmzalanma Gürcüstan, Türkiyə və Avropa İttifaqı arasında diaqonal kumulyasiyaya həsr olunmuş forumda baş tutub.
İqtisadiyyat Nazirliyi tərəfindən verilən məlumatda bildirilir ki, dəyişikliklər kənd təsərrüfatı məhsullarının tariflərinin liberallaşdırılması və azad ticarət sazişinə xidmət sektorunun əlavə edilməsinə şamil olunacaq. Belə ki, Gürcüstandan Türkiyəyə məhsul ixrac edərkən güzəştlər tətbiq edilməyən məhsul növləri üzrə Gürcüstan kvota çərçivəsində güzəştlər alacaq. Bu gün imzalanmış qərarın qüvvəyə minməsindən sonra isə Gürcüstandan Türkiyəyə ixrac zamanı, kvota çərçivəsində :diri mal-qara, mal əti, yaşıl çay, qurudulmuş meyvələr, kivi, limon, konservləşdirilmiş pomidor və ərzaq inqrediyentləri kimi malların sıfır tarif şəraitində daxil edilməsinə icazə veriləcək. Buradaca qeyd ediləsidir ki, eyni qərara uyğun olaraq, həmçinin bal, alma və şərab üçün Türkiyə tərəfindən kvotalar artırılıb.
Gürcüstan-Türkiyə Azad Ticarət Sazişi 2008-ci il noyabrın 1-dən qüvvəyə minib və həmin dövr üçün azad ticarət sazişlərinin imzalanması formatına görə, yalnız mal ticarətinə şamil edilib. 2016-cı ildən Türkiyə tərəfi ilə azad ticarət sazişinin tarif hissəsində dəyişikliklərin edilməsi və müqaviləyə xidmət sektorunun əlavə edilməsi məsələləri ilə bağlı işlər davam etdirilir.
İqtisadiyyat Nazirliyində qeyd edildiyi üzrə, bu gün imzalanmış sazişlər Gürcüstan və Türkiyə arasında ticarət-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsində növbəti uğurlu addım olmaqla yanaşı, onlar həmçinin Gürcüstana xidmət sektorunu ikitərəfli qaydada inkişaf etdirməyə və Gürcüstan-Türkiyə Azad Ticarət Sazişində tariflərin liberallaşdırılması ilə əlaqədar mövcud disbalansın azaldılmasından faydalanmağa imkan verir.