Gürcüstan və Qazaxıstanın xarici işlər nazirləri iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili BMT-nin İnsan Hüquqları Şurasının 55-ci sessiyası çərçivəsində Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüş keçirib.
Xarici İşlər Nazirliyinin yaydığı məlumat üzrə, nazirlər Gürcüstan və Qazaxıstan Respublikası arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığı müsbət qiymətləndiriblər. İki ölkə arasında ənənəvi dostluq münasibətləri və son illər intensivləşən yüksək səviyyəli səfərlərin dinamikası qeyd edilib.
“İki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlığa toxunulub, 2023-cü ildə Tbilisidə siyasi məsləhətləşmələrin növbəti raundunun uğurla keçirildiyi qeyd edilib.
İki ölkə arasında iqtisadi əməkdaşlığa və artan ticarət dövriyyəsinə xüsusi diqqət yetirilib. İnvestisiya və turizm göstəriciləri müzakirə edilib. Bu kontekstdə Gürcüstan-Qazaxıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti vurğulanıb. Bundan əlavə, tərəflər Orta Dəhlizin əhəmiyyətindən və bu istiqamətdə nəqliyyat sahəsində əməkdaşlıqdan danışıblar.
Tərəflər bütün vacib məsələlər üzrə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
İlia Darçiaşvili Murat Nurtleunu Tbilisiyə dəvət edib.
İlia Darçiaşvili fevralın 26-dan 27-dək Cenevrədə səfərdədir. Nazir BMT-nin İnsan Hüquqları Şurasının 55-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxış edib” – Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.