Gürcüstan və İtaliya arasında yüksək səviyyəli dialoqun yaradılması haqqında bəyannamə imzalanıb
2023-cü ilin aprelin 21-də Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili və İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Taiani Gürcüstan və İtaliya Respublikası arasında yüksək səviyyəli dialoqun qurulması haqqında birgə bəyannamə imzalayıblar.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, sənəddə tərəflər 1992-ci ildən Gürcüstan və İtaliya arasında ikitərəfli münasibətlərdə əldə edilmiş əhəmiyyətli irəliləyişi tanıyırlar. Bu da mövcud əməkdaşlıq gündəliyinin gücləndirilməsi və rəngarəngləşdirilməsi üçün möhkəm zəmin yaradır.
“Yüksək səviyyəli dialoq iki ölkə arasında dinamik əməkdaşlığı əks etdirir və tərəfdaşlığın yeni perspektivlərini ortaya çıxarır.
Tərəflər ümumi dəyərlərə və maraqlara sadiqliklərini və qaydalara əsaslanan beynəlxalq nizamı qorumaq istəklərini bir daha təsdiqləyirlər.
Bəyannamə çərçivəsində tərəflər iki ölkə arasında mövcud ikitərəfli münasibətləri daha yüksək səviyyəyə qaldırmaq üçün qəti iradələrini ifadə edir və qarşılıqlı faydalı əməkdaşlığın gələcək perspektivlərini müəyyən edirlər.
Sözügedən format, siyasi, müdafiə və təhlükəsizlik, ticarət-iqtisadi, həmçinin mədəniyyət, təhsil və elm sahələrini əhatə edən dörd tematik ölçüdən ibarətdir.
Müəyyən vaxtlarda keçiriləcək, dialoq çərçivəsində görüşlərə xarici işlər nazirləri həmsədrlik edəcəklər. İclaslarda müvafiq nazirliklərin/qurumların yüksək vəzifəli nümayəndələrindən ibarət nümayəndə heyətləri iştirak edəcək.
Hər görüşün yekunu olaraq birgə kommünike dərc olunacaq.
Yüksək səviyyəli dialoq haqqında bəyannamə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvilinin Romaya səfəri zamanı imzalandı.
Səfər çərçivəsində Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri İtaliyanın qanunvericilik və icra orqanlarının nümayəndələri ilə görüşlər keçirdi”, – Xarici İşlər Nazirliyinin məlumatında deyilir.