Gürcüstan və Ermənistan arasında biometrik şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişin mümkün olduğu saziş qüvvəyə mindi
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan tərəfindən 2023-cü ilin 12 yanvar tarixində Yerevanda imzalanmış “Gürcüstan və Ermənistan Respublikası arasında vətəndaşların ikitərəfli vizasız gediş-gəlişi haqqında” saziş qüvvəyə minib.
Gürcüstan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, saziş Gürcüstan və Ermənistan vətəndaşlarına qarşılıqlı gediş-gəliş üçün daha da əlverişli şərtlərin yaradılmasını nəzərdə tutur.
“Sazişə əsasən, Gürcüstan və Ermənistan vətəndaşları biometrik şəxsiyyət vəsiqəsi ilə beynəlxalq gediş-gəliş üçün icazə verilən sərhəd-keçid məntəqəsi vasitəsilə Gürcüstandan Ermənistana və əksinə hərəkət etmək hüququna malikdirlər”, – Gürcüstan Xarici İşlər Nazirliyindən bildiriblər.
İki ölkənin baş nazirlərinin imzaladığı saziş 1993-cü ilin mayın 19-da imzalanmış “Gürcüstan Respublikası və Ermənistan Respublikası vətəndaşlarının öz ərazilərində vizasız gediş-gəlişi haqqında” sazişi əvəz edir.