Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli İqtisadi Əməkdaşlıq Sazişi üzrə danışıqların ikinci raundu keçirilib
Dubayda Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli İqtisadi Əməkdaşlıq Sazişi üzrə danışıqların ikinci raundu keçirilib. Gürcüstan tərəfdən danışıqlara iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Qenadi Arveladze rəhbərlik edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda tərəflərin mal və xidmətlə ticarətin liberallaşdırılması, eləcə də gömrük və mənşə qaydaları, intellektual mülkiyyət hüquqları, kiçik və orta sahibkarlığın təşviqi, ticarətdə texniki maneələr və s. kimi əməkdaşlıq istiqamətləri üzrə danışıqlar apardıqları deyilir.
“Qeyd etmək lazımdır ki, sazişin mətni üzrə davam edən danışıqlar çərçivəsində tərəflər arasında mühüm irəliləyiş əldə olunub. Həmçinin növbəti raundun 2023-cü ilin martında Gürcüstanda keçirilməsi planlaşdırılıb.
Cari ilin sentyabrın 26-28-də Tbilisidə Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında Azad Ticarət Sazişi üzrə danışıqların birinci raundu keçirilib. İqtisadi, ticarət və investisiya əlaqələrini inkişaf etdirmək məqsədilə hələ 2020-ci ilin dekabrında iki ölkənin iqtisadiyyat nazirləri Azad Ticarət haqqında Sazişin danışıqlarına başlamaq barədə qərar qəbul ediblər, 2022-ci ilin mayın 9-da isə “Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq haqqında sazişin danışıqlarının şərtlərinin sənədi” imzalanıb” -deyə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.