Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında hərtərəfli iqtisadi tərəfdaşlıq haqqında saziş qüvvəyə minib
Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında hərtərəfli iqtisadi tərəfdaşlıq haqqında saziş qüvvəyə minib

 
Bu gündən etibarən Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında Gürcüstanda istehsal olunan məhsul və xidmətlərin liberallaşdırılmasını nəzərdə tutan hərtərəfli iqtisadi tərəfdaşlıq haqqında saziş qüvvəyə minib.

İqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Qenadi Arveladze, mahiyyətcə azad ticarət haqqında yeni nəsil saziş olan iqtisadi tərəfdaşlıq haqqında sazişin iki ölkə arasında iqtisadi inteqrasiyanı daha da dərinləşdirəcəyini bildirib.

“Qeyd edilməlidir ki, bu, Gürcüstan üçün körfəzin ərəb dövləti ilə bu tipli ilk müqavilədir. Ölkənin iki böyük iqtisadiyyat ilə – Avropa İttifaqı və Çinlə azad ticarət sazişinin olması da Gürcüstanın cəlbediciliyini gücləndirir. Gürcüstanın bu strateji üstünlüyü ərəb şirkətlərinə investisiya imkanlarından istifadə etməyə və bu bazarlara çıxış əldə etməyə imkan verir. Bu sazişin qüvvəyə minməsi ilə Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərdə yeni və mühüm mərhələ başlayır”-Qenadi Arveladze qeyd edib.

Saziş qüvvəyə mindikdən sonra əmirliklər tərəfindən mal və qoyun əti, bal, qoz-fındıq, mineral su, meyvə-tərəvəz konservlərinin əsas hissəsi, alkoqolsuz içkilər, azot gübrələri, tekstil kimi Gürcüstan üçün mühüm olan məhsullara bazar dərhal açılacaq.

Birləşmiş Ərəb Əmirlikləri ərəb ölkələri arasında artıq Gürcüstanın aparıcı ticarət tərəfdaşıdır. 2023-cü ilin göstəricilərinə əsasən, Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 39%, o cümlədən ixrac 73% artıb. Bununla yanaşı, Birləşmiş Ərəb Əmirliklərindən Gürcüstana yatırılan investisiyaların həcmi 29% artıb.