Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında azad ticarət sazişi üzrə danışıqlar başlayıb
Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında azad ticarət sazişi üzrə danışıqlar başlayıb

 

Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında azad ticarət sazişi üzrə danışıqların birinci raundu başlayıb. Bu barədə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayır.

Qurumdan verilən məlumatda Gürcüstan tərəfdən hökumət danışıqları qrupuna iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Qenadi Arveladzenin rəhbərlik etdiyi deyilir.

“Birləşmiş Ərəb Əmirlikləri ilə hərtərəfli iqtisadi tərəfdaşlıq haqqında saziş əsasında Gürcüstan BƏƏ ilə azad ticarət rejimindən faydalanacaq, bu isə o deməkdir ki, Gürcüstan üçün, yerli istehsalçılar üçün yüksək alıcılıq qabiliyyətinə malik əlavə 10 milyonluq bazar açılacaq”-deyə Qenadi Arveladze açıqlayıb.

Nazir müavini bildirib ki, hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi potensial olaraq malların ticarətini, mənşə qaydaları və mənşə prosedurlarını, gömrük inzibatçılığı və ticarətin asanlaşdırılmasını, sanitar və fitosanitar tədbirləri, ticarətdə texniki maneələri, ticarətin müdafiəsi tədbirlərini, investisiyaları, xidmətlərlə ticarəti, rəqəmsal ticarət və digər bir çox məsələni əhatə edəcək.

Gürcüstan və BƏƏ arasında iqtisadi, ticarət və investisiya əlaqələrini inkişaf etdirmək məqsədilə 2020-ci ilin dekabrında iki ölkənin iqtisadiyyat nazirləri azad ticarət sazişi üzrə danışıqlara başlamaq qərarı veriblər, 2022-ci ilin mayın 9-da ” Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq haqqında danışıqların şərtləri sənədi” imzalanıb.