Gürcüstan və Bəhreyn milli komandalarının oyunu Birinci Kanalda – milli komandaya Xviça Kvaratsxeliya qayıdır #1TVSPORT

11:54, 05.06.2026

İyunun 5-də Gürcüstan milli komandası iyun ayının ikinci yoldaşlıq görüşünü keçirəcək. Villi Sanyolun komandası Mixeil Mesxi adına stadionda Bəhreyn yığmasını qəbul edəcək. Qarşılaşma saat 20:00-da başlayacaq və oyunun canlı yayımını Gürcüstanın Birinci Kanalı təqdim edəcək.

Bəhreyn yığması milli komandamızın qarşılaşacağı 11-ci Asiya ölkəsidir. Ümumilikdə isə milli komandamız Asiya təmsilçilərinə qarşı 13 oyun keçirib – 6 qələbə, 2 heç-heçə və 5 məğlubiyyət.

Oyuna bir gün qalmış komandamız məşqi qarşılaşmanın keçiriləcəyi stadionda keçirdi. Gürcüstan milli komandasının baş məşqçisi Villi Sanyol mediaya açıqlamasında bildirib ki, Giorgi Çakvetadzenin zədəsi ciddi deyil, lakin o, bu oyunda iştirak etməyəcək. Bunun əvəzində isə Xviça Kvaratsxeliyanı ilk dəqiqələrdən meydanda görəcəyik – o, gürcü futbolçuları kapitan sarğısı ilə meydana çıxaracaq.

Bu il Sanyolun rəhbərlik etdiyi komandanı meydanda üç dəfə görmüşük – İsraillə 2:2 hesablı heç-heçədən sonra səfərdə Litvanı 2:0 hesabı ilə məğlub edib, iyunun 2-də isə Rumıniya ilə 1:1 hesablı heç-heçə edib.

Bu, Gürcüstan və Bəhreyn milli komandaları arasında ilk qarşılaşma olacaq. Gürcüstan yığması hazırda FIFA reytinqində 72-ci pillədə qərarlaşıb. “Xaçlılar” indi FIFA reytinqində özlərindən 19 pillə aşağıda (91-ci yerdə) olan rəqibə qarşı məğlubiyyətsiz seriyanı davam etdirmək imkanı əldə edəcəklər.
Lakin Bəhreyn yığması da problem yaratmağa qadir olduğunu göstərmək istəyir. Komanda 2025-ci ilin dekabrından bəri heç bir oyun keçirməyib. Bəhreyn sonuncu dəfə 2025-ci ildə Ərəb Kubokunda çıxış edib və qrup mərhələsini üçüncü yerdə başa vurub. Komanda Əlcəzairə (1:5) və İraqa (1:2) məğlub olub, yalnız Sudan üzərində qələbə qazana bilib (3:1). Bu turnirədək isə Bəhreyn ardıcıl beş yoldaşlıq görüşündə məğlub olmuş, yeganə heç-heçəsini Qətərlə oynayıb – 2:2.

Bəhreyn millisinin xorvatiyalı baş məşqçisi Draqan Talayiç ümid edir ki, Gürcüstana qarşı keçiriləcək yoldaşlıq oyunu komandasına Fars Körfəzi Kuboku və Asiya Kubokuna daha yaxşı hazırlaşmaqda kömək edəcək. Həmin turnirlərdə Bəhreyn Şimali Koreya, İordaniya və Özbəkistan yığmaları ilə qarşılaşacaq.

Oxşar