Gürcüstan Prezidenti Salome Zurabişvili Litva Respublikasına rəsmi səfərinə başlayıb. Gürcüstan Prezidentinin qarşılanma mərasimi Vilnüs Beynəlxalq Hava Limanında keçirilib.
Litva Respublikasının Prezidentinin kansleri Aqila Barciene, Litva Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Andrius Kalindra, Gürcüstanın Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Salome Şapakidze və hərbi attaşe İrakli Uchadze Vilnüs Beynəlxalq Hava Limanında prezidenti qarşılayıblar.
Gürcüstan Prezidentinin rəsmi qarşılanma mərasimi sabah Litva Respublikasının prezident sarayında keçiriləcək.
Litvanın Prezidenti Qitanas Nauseda, Baş nazir İnqrida Şimonites, Seymin sədri Viktoria Çmilite-Nilsenislə yüksək səviyyəli görüşlərin keçirilməsi planlaşdırılıb.
Gürcüstan və Litva prezidentləri təkbətək və geniş tərkibdə görüşdən sonra mətbuat qarşısında birgə bəyanatlarla çıxış edəcəklər.
Gürcüstan Prezidenti Antakalnis qəbiristanlığında Litva Respublikasının müstəqilliyi uğrunda mübarizədə həlak olmuş qəhrəmanların abidəsi önünə əklil qoyacaq, Litvanın İşğal və Azadlıq Mübarizəsi Muzeyini ziyarət edəcək.
Gürcüstan Prezidenti və Litva Respublikasının birinci xanımı Ukraynada müharibə dövründə məcburi köçkünlər üçün açılmış “Ukrayna Mərkəzi”ni ziyarət edəcəklər.
Gürcüstanın Litva Respublikasındakı səfiri Salome Şapakidze Gürcüstan Prezidentinin belə yüksək səviyyəli səfərinin olduqca mühüm olduğunu bildirib. Bu, ölkələr arasında ikitərəfli münasibətlərin daha da güclənməsinə və dərinləşməsinə töhfə verəcək. O, səfərin Avropaya inteqrasiya kontekstində də zamanında olduğunu bildirib.
“İlin sonuna doğru Avropa İttifaqı ölkənin namizəd statusu ilə bağlı qərar qəbul edəcək və bu kontekstdə təbii ki, onun hər bir üzvü və Litvanın dəstəyi də vacibdir. Həmçinin, səfər ölkənin NATO-ya inteqrasiyası baxımından mühümdür, çünki məhz NATO zirvə toplantısına hazırlıq mərhələsindəyik və sammit məhz cari ilin 11-12 iyul tarixlərində Litvanın paytaxtı Vilnüsdə keçiriləcək”-deyə Gürcüstanın səfiri Salome Şapakidze açıqlayıb.
Gürcüstan Prezidenti Litvaya nümayəndə heyəti ilə birlikdə yola düşüb, nümayəndə heyətinin tərkibinə daxildir : Gürcüstan parlamentinin deputatları Aleksandre Elisaşvili və Teona Akubardia, Gürcüstan Prezident Administrasiyasının rəhbəri Natia Sulava, Gürcüstan Prezidentinin beynəlxalq təşkilatlarla əlaqələr və sosial-iqtisadi məsələlər üzrə müşaviri Ketevan Tatoşvili.