Gürcüstan parlamentinin nümayəndə heyəti Praqada Krım Beynəlxalq Platformasının Parlament Sammitində iştirak edəcək
Arçil Talakvadzenin rəhbərlik etdiyi Gürcüstan parlamentinin nümayəndə heyəti Krım Beynəlxalq Platformasının ikinci parlament sammitində iştirak etmək üçün Praqadadır. Bu barədə məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.
Verilmiş məlumatda sammitin bu il Ukrayna və Çexiya tərəfindən təşkil olunduğu deyilir. Sammitin məqsədi Ukraynaya həmrəylik və dəstəyi koordinasiya etməkdir. Beynəlxalq Krım Platforması Krımın davam edən işğalına beynəlxalq reaksiyanın effektivliyini artırmaq və təhlükəsizlik çağırışlarına cavab vermək məqsədi daşıyır. Avropanın hər yerindən parlamentarilər Ukraynanı dəstəkləmək üçün Praqaya toplaşacaqlar.
Sammitdə iştirak etmək üçün parlament sədrinin müavini, Ukrayna ilə dostluq qrupunun rəhbəri Arçil Talakvadze, Avropaya inteqrasiya komitəsinin sədri Maka Boçorişvili və Xarici əlaqələr komitəsi sədrinin birinci müavini Mariam Laşxi Praqaya yollanıb.
Sammit çərçivəsində Gürcüstan parlamentinin nümayəndə heyətinin rəhbəri Arçil Talakvadze iştirakçılar qarşısında çıxış edəcək və Ukraynada baş verən hadisələr, eləcə də Ukrayna, Gürcüstan və Moldovanın Avropa İttifaqına inteqrasiyası barədə danışacaq.
Səfər çərçivəsində Gürcüstan parlamentinin nümayəndə heyətinin nümayəndələri həmkarları ilə ikitərəfli görüşlər keçirəcəklər.