Gürcüstan parlamentinin iclasında Ukrayna himninin sədaları altında Rusiya təcavüzü qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Gürcüstan parlamentinin iclası Ukrayna himninin səsləndirilməsi ilə açılıb. Deputatlar Ukrayna himni sədaları altında Rusiyanın təcavüzü nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Parlamentin sədri Şalva Papuaşvilinin dediyi kimi, artıq bir neçə gündür ki, biz Ukrayna xalqının öz ölkəsinin azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin şahidi oluruq.
“Bu döyüş bizə, gürcülərə yad deyil və biz ukraynalı bacı və qardaşlarımızın bu çətin günlərdə necə hiss etdiklərini çox yaxşı bilirik. Mübarizə, xüsusən də azadlıq mübarizəsi həmişə itkilərlə, o cümlədən dinc əhali arasında itkilərlə nəticələnir ki, bu da müharibə dövründə belə ən böyük dəhşətdir. Buna görə də iclasdan əvvəl Ukrayna himninin səsləndirilməsi fonunda bir dəqiqəlik sükutla həlak olanların xatirəsini ehtiramla yad edək”, – Şalva Papuaşvili bildirib.