Gürcüstan istehsalı olan tibbi ləvazimatlar Almaniya, İspaniya, İtaliya, Yunanıstan, Litva və Polşada satılacaq

Gürcüstan istehsalı olan tibbi ləvazimatlar Almaniya, İspaniya, İtaliya, Yunanıstan, Litva və Polşada satılacaq. Bu barədə “Gürcüstanda istehsal et” agentliyi məlumat yayıb.

“Gürcüstanda istehsal et” agentliyinin benefisiarı olan “Doctor goods” şirkəti 15-18 noyabr tarixlərində dünyanın ən böyük tibbi materiallar və avadanlıqlar sərgisi olan Medica Düsseldorfda öz stendi ilə təqdim olunan Gürcüstanın ilk tibbi materiallar müəssisəsidir.

Sərgi zamanı şirkət 150-dən çox beynəlxalq distribyutor şirkəti ilə görüşüb. Nəticədə Polşa, Litva, İtaliya, İspaniya, Almaniya və Yunanıstanın ən böyük idxalçıları ilə distribüter müqavilələri imzalanıb.

“Doctor goods” 2019-cu ildə yaradılıb və 2021-ci ildə Agentliyin kredit təminatını nəzərdə tutan kredit-zəmanət mexanizmi çərçivəsində əhəmiyyətli dərəcədə genişləndirilib. Şirkət Aİ bazarına çıxış üçün tələb olunan ən yüksək keyfiyyət standartı ISO 13 485 sertifikatına və CE işarələnməsinə malikdir.