Gürcüstan hüquq-mühafizə orqanları əməkdaşları amerikalı və polyak həmkarları ilə birlikdə kriptovalyutanın yuyulması işi üzrə genişmiqyaslı əməliyyat keçiriblər
Gürcüstan Prokurorluğu, Amerika Birləşmiş Ştatlarının Gizli Xidməti, Polşa Respublikasının Kibercinayətkarlıqla Mübarizə Mərkəzi Bürosu və Łódź Vilayət Prokurorluğu, həmçinin Gürcüstan Daxili İşlər Nazirliyi və Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti əməkdaşları Gürcüstanda genişmiqyaslı tədbir keçiriblər.
Gürcüstan Prokurorluğunda bu gün keçirilən brifinqdə bildirilib ki, EUROJUST və EUROPOL-in dəstəyi ilə beynəlxalq tərəfdaşlarla birgə hazırlanan xüsusi əməliyyatda ABŞ, Polşa və Gürcüstanın hüquq-mühafizə orqanlarının təxminən 100 əməkdaşı iştirak edib və istintaq hərəkətləri Gürcüstan ərazisində onlarla ünvanda həyata keçirilib.
Tədbir çərçivəsində şəxslərin, onların yaşayış evlərinin, avtomobillərinin və iş yerlərinin axtarışı aparılıb. Nəticədə istintaq üçün əhəmiyyətli elektron sübutlar və sənədlər götürülüb. Eyni zamanda, qanunsuz gəlirlərin leqallaşdırılması məqsədilə əldə edildiyi ehtimal olunan 173 ədəd nəqliyyat vasitəsinə, bahalı daşınmaz əmlaka və bank hesablarındakı vəsaitlərə həbs qoyulub.
Onların məlumatına görə, birgə əməliyyat çərçivəsində 10 iyun tarixində Acariya ərazisində mütəşəkkil cinayətkar qrupun iki xarici ölkə vətəndaşı olan üzvü saxlanılıb.
“Bu cinayət işi üzrə müxtəlif ölkələrdə aparılan araşdırmalarla müəyyən edilib ki, 2022-ci ildən fəaliyyət göstərən “AudiA6” adlı mütəşəkkil cinayətkar qrup internet mühitində kibercinayətkarlar və digər cinayətkarlar üçün cinayət yolu ilə əldə edilmiş kriptovalyutanın yuyulmasını, yəni cinayət izlərinin hüquq-mühafizə orqanlarından gizlədilməsini təmin edirdi və bunun müqabilində külli miqdarda gəlir əldə edirdi. 2022–2025-ci illər ərzində qanunsuz fəaliyyət çərçivəsində “AudiA6” üzvləri tərəfindən bir neçə yüz milyon ABŞ dolları dəyərində kriptovalyuta leqallaşdırılıb. Bundan əlavə, cinayətkar qrup “Dark2Web” adlı kiberkriminal forumu da idarə edirdi; bu platforma qeyri-qanuni xidmətlərin reklamı və dünya üzrə kibercinayətkarların bir-biri ilə əlaqələndirilməsi üçün istifadə olunurdu. Transmilli cinayətkarlığa qarşı effektiv mübarizə Gürcüstan Prokurorluğu üçün xüsusilə vacibdir və qurumun bu istiqamətdə beynəlxalq əməkdaşlıq üzrə yaxşı təcrübəsi mövcuddur. Gürcüstan Prokurorluğu uğurla həyata keçirilmiş tədbirə görə Gürcüstan Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşlarına təşəkkür edir. Həmçinin bu birgə əməliyyat çərçivəsində göstərilən dəstəyə görə EUROJUST və EUROPOL nümayəndələrinə minnətdarlığını bildirir. Gürcüstan Prokurorluğu Amerika Birləşmiş Ştatlarının Gizli Xidmətinin, Polşa Respublikasının Kibercinayətkarlıqla Mübarizə Mərkəzi Bürosunun və Łódź Prokurorluğunun nümayəndələrinə hörmətini ifadə edir və transmilli cinayətkarlığa qarşı mübarizədə effektiv əməkdaşlığa hazır olduğunu bir daha bəyan edir”, – deyə Prokurorluqda bildirilib.