Gürcüstan hökuməti - Zurab Adeişvilinin Avropa İttifaqında və Almaniyada qəbul edilməsi Avropa bürokratiyasının hüquqi dövlət ideyasına sadiq olması ilə bağlı təsəvvürləri sarsıdır
Gürcüstan hökuməti - Zurab Adeişvilinin Avropa İttifaqında və Almaniyada qəbul edilməsi Avropa bürokratiyasının hüquqi dövlət ideyasına sadiq olması ilə bağlı təsəvvürləri sarsıdır

 
Zurab Adeişvilinin Avropa İttifaqı və Almaniya Federativ Respublikasında qəbul edilməsi Avropa bürokratiyasının hüquqi dövlət ideyasına sadiq olması ilə bağlı təsəvvürləri sarsıdır-bu haqda Gürcüstan hökumətinin bəyanatında deyilir.

“Gürcüstan hökuməti gürcü ədliyyə sistemi tərəfindən cinayətkar kimi tanınan və axtarışa verilən Zurab Adeişvilinin Ukrayna nümayəndə heyətinin tərkibində iştirak etdiyi Avropa İttifaqı və Almaniya Federativ Respublikasında keçirilən səfər və görüşlərlə əlaqədar narahatlığını ifadə edir.

Zurab Adeişvili Gürcüstanda illər boyu demokratiya və hüquqi dövlət prinsiplərini, əsas insan hüquq və azadlıqlarını, Gürcüstanda məhkəmə sisteminin müstəqilliyini tapdalayan repressiv rejimin yaradıcılarından biri olub. Sözügedən rejim çoxlu sayda insanın həyatını, sağlamlığını və rifahını qurban verib.

Zurab Adeişvili şərab zavodunun qanunsuz müsadirə edilməsi, “İberiya” teleşirkətinin ələ keçirilməsi, Koba Davitaşvilinin oğurlanması və ona qarşı amansız zorakılıq, məhbuslara işgəncə verilməsi və “Cartu Bank”ın müflis olması işlərində mühakimə olunub, “İmedi” teleşirkətinə basqın və zəbt etmə, 2007-ci ilin 7 noyabr zorakılığı və Buta Robakidzenin qətli cinayətinin ört-basdır edilməsi işlərində isə ittiham olunub.

Bütün yuxarıda deyilənləri nəzərə alsaq, Zurab Adeişvilinin Avropa İttifaqı və Almaniya Federativ Respublikasında qəbul edilməsi Avropa bürokratiyasının hüquqi dövlət ideyasına sadiq olması ilə bağlı təsəvvürləri sarsıdır.

Müvafiq olaraq, sözügedən hadisə Avropa İttifaqının Gürcüstan üçün müəyyən etdiyi doqquz prioritetin birinci prioritetinin, yəni Gürcüstanda anti-Avropa əhvali-ruhiyyəsinin güclənməsinin qarşısının alınmasının ruhuna birbaşa ziddir.

Eyni şəkildə, digər cinayətkarların və axtarışda olan şəxslərin Avropa İttifaqı ərazisində sərbəst hərəkəti anti-Avropa əhvali-ruhiyyəsinin alovlanmasına kömək edir, bu cinayətkarların bir hissəsi ilə bağlı onların Avropa İttifaqına üzv dövlətlərin vətəndaşlarına qarşı yönəlmiş ən ciddi cinayət əməllərində iştirak etdiyinə dair əsaslı ehtimal var.

Gürcüstan sadiq tərəfdaşdır və gələcəkdə Avropa strukturları və bürokratiyasının Avropanın İkinci Dünya Müharibəsindən sonra əsasını qoyduğu dəyərlərə daha çox həssaslıq və sadiqlik nümayiş etdirəcəyini gözləyir” – Gürcüstan hökumətinin bəyanatında deyilir.