Gürcüstan hökuməti qadınlara qarşı zorakılığa qarşı 16 günlük kampaniyaya qoşulur
Gürcüstan hökuməti hər il noyabrın 25-dən dekabrın 10-dək keçirilən qadınlara qarşı zorakılığa qarşı 16 günlük kampaniyaya qoşulur. Bu barədə məlumatı Gürcüstan hökumətinin administrasiyası yayıb.
Qadınlara qarşı gender əsaslı zorakılıq və məişət zorakılığı ilə mübarizə, zorakılığın qarşısının alınması, eləcə də qurbanların müdafiəsi Gürcüstan hökuməti üçün prioritet məsələlərdən biridir.
Son illər Gürcüstan bu istiqamətdə mühüm uğurlar əldə edib ki, bu da çoxsahəli, koordinasiyalı yanaşma və məqsədyönlü siyasətin həyata keçirilməsi ilə bağlıdır.
Avropa Komissiyasının 8 noyabr 2023-cü il tarixli yekun hesabatında gender əsaslı zorakılığa institusional reaksiya müsbət qiymətləndirilir və dövlətin zorakılığa reaksiyasının effektiv və aydın şəkildə müəyyən edildiyi vurğulanır.
Yuxarıda adı çəkilən hesabatda həmçinin gender bərabərliyi, gender əsaslı zorakılıq və məişət zorakılığı məsələlərinə dair Gürcüstan hakimiyyəti tərəfindən təsdiq edilmiş strateji sənədlər və qanunlar, o cümlədən “BMT Təhlükəsizlik Şurasının qadınlar, sülh və təhlükəsizliklə bağlı qətnamələrinin icrası” və “qadınlara və məişət zorakılığına qarşı mübarizə və qurbanların (zərərçəkənlərin) qorunması tədbirləri, 2022-2024-cü illər üçün milli fəaliyyət planları və gender bərabərliyi konsepsiyası öz əksini tapıb.
Gürcüstan hökuməti öz tərəfdaşları ilə birlikdə gender əsaslı zorakılıqla mübarizə üçün effektiv tədbirlər həyata keçirməyə davam edəcək.
Qadınlara qarşı zorakılığa qarşı 16 günlük kampaniya bütün dünyada 1991-ci ildən noyabrın 25-dən dekabrın 10-dək keçirilir. Dünyanın 187 ölkəsi və 5000-dən çox təşkilat kampaniyanı qeyd edir. Kampaniyanın məqsədi qadınlara qarşı zorakılıq problemləri ilə bağlı ictimaiyyəti məlumatlandırmaq yolu ilə zorakılığın qarşısının alınmasına yardım etməkdir.
Məlumatı Gürcüstan hökumətinin administrasiyası yayıb.
Müəllif -
Mehemmed Bayramaliyev