Gürcüstan Daxili İşlər Nazirliyi məlumatına görə, daxili quru sularında naviqasiyada istifadə olunan üzən vasitələrin qeydiyyatı və idarəetmə sertifikatının alınması 1 iyuldan etibarən məcburi olacaq
Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərən Gürcüstan Dəniz Nəqliyyatı Agentliyi məlumatına görə, 2026-cı il iyulun 1-dən etibarən göllərdə, çaylarda və su anbarlarında katerlərin, yaxtaların, hidrotsikllərin və digər mühərrikli üzən vasitələrin qeydiyyatı və idarəetmə sertifikatının olması məcburi olacaq.
Bu tədbirin məqsədi daxili su hövzələrində naviqasiya təhlükəsizliyi standartlarının yüksəldilməsi, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi və qəza hallarının qarşısının alınmasıdır.
Qurumun məlumatına əsasən, 2020–2026-cı illər ərzində Gürcüstanın çaylarında, göllərində və su anbarlarında müxtəlif üzən vasitələrin iştirakı ilə 80 insident qeydə alınıb.
Məlumatda qeyd olunur ki, qeydiyyat və sertifikatlaşdırma sistemi bu nəqliyyat növü ilə hərəkəti daha təhlükəsiz edəcək. Yeni qaydalar Gürcüstanın daxili su yollarında naviqasiya və ya sərnişindaşıma həyata keçirən bütün fiziki və hüquqi şəxslərə şamil ediləcək.
Qaydaların icrasına əsasən, üzən vasitələr qeydiyyatdan əvvəl texniki baxışdan keçməlidir. Bu baxış Agentlik tərəfindən tanınan nəzarət orqanlarında aparılacaq. Qeydiyyata katerlər, yaxtalar, motorlu qayıqlar, hidrosikllər, katamaranlar, sərnişin platformaları və digər vasitələr daxil olacaq.
Eyni zamanda, daxili sularda mühərrikli üzən vasitəni idarə etmək üçün 18 yaşdan yuxarı şəxslərin müvafiq təlim proqramını uğurla bitirib 5 il müddətinə verilən idarəetmə sertifikatı alması tələb olunacaq. Hazırda bu proqram yalnız Batumi Dövlət Dəniz Akademiyası nəzdindəki təlim mərkəzində həyata keçirilir.
Qeyd edilir ki, 2025-ci il aprelin 1-dən etibarən keçid dövrü tətbiq olunur və bu müddətdə maarifləndirmə kampaniyaları aparılır. Hazırda daxili su nəqliyyat vasitələrinin reyestrində 16 üzən vasitə qeydiyyatdan keçib, 38 nəfər isə idarəetmə sertifikatı alıb.
Yeni qaydalar kayaklara, şəxsi istifadə üçün nəzərdə tutulan bəzi vasitələrə və uzunluğu 3 metrdən kiçik mühərriksiz üzən vasitələrə şamil edilməyəcək.
Sonda qeyd olunur ki, könüllü qeydiyyat dövrünün başa çatmasından sonra – 2026-cı il iyulun 1-dən etibarən qaydaların pozulması inzibati məsuliyyət və cərimələrlə nəticələnəcək.