Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan Qara dəniz vasitəsilə elektrik enerjisinin nəql olunması üçün sualtı kabel layihəsini imzalayıblar
Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan Qara dəniz vasitəsilə elektrik enerjisinin nəql olunması üçün sualtı kabel layihəsini imzalayıblar

 
Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan Qara dəniz vasitəsilə elektrik enerjisinin nəql olunması üçün sualtı kabel layihəsini imzalayıblar.

İmzalanma mərasimi Rumıniyada, Kotrochen sarayında keçirilib. Sənədi Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuka və Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar.

Mərasimdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien iştirak edib.

Sənəd dörd ölkənin Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin və əlaqənin gücləndirilməsinə, enerji mənbələrinin şaxələndirilməsinə, Xəzər regionunda bərpa olunan enerji istehsalı potensialının maliyyələşdirilməsinə və bərpa olunan enerjinin payının artırılmasına dair maraqlarına əsaslanır.

Dördtərəfli hökumətlərarası saziş Rumıniya və Azərbaycan arasında bərpa olunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabel layihəsinin reallaşdırılmasını nəzərdə tutur.

Qara dəniz vasitəsilə sualtı elektrik ötürücü kabel layihəsi Avropa Komissiyası ilə Azərbaycan Respublikası arasında energetika sahəsində sazişin bir hissəsidir və eyni zamanda, Avropa İttifaqının “Global Gateway” strategiyasının bir hissəsi kimi Gürcüstan üçün flaqman layihədir.

Bununla yanaşı, Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhei bir neçə gün əvvəl Avropa İttifaqının İqtisadi və İnvestisiya Planı layihələrinin həyata keçirilməsini sürətləndirmək üçün Şərq tərəfdaşları ilə işləməyə davam edəcəyini bildirib.

O, “Şərq Tərəfdaşlığı”nın həlledici vasitə olaraq qaldığını bildirib.

“Şərq Tərəfdaşlığı” dayanıqlılığın, bərpanın və islahatların inkişafı üçün kritik vasitə olaraq qalır. İqtisadi və İnvestisiya Planında nəzərdə tutulan 17 milyard avro dəyərində layihələrin icrasını sürətləndirmək üçün tərəfdaşlarla işləyəcəyik. Yaşıl və rəqəmsal transformasiyanı sürətləndirmək və əlaqəni yaxşılaşdırmaq vacibdir” -deyə Varhei açıqlayıb.