Gürcü dili üzrə hazırlıq təhsil proqramı çərçivəsində tələbələrin təhsilinin maliyyələşdirilməsi iki dəfə artırılıb
Gürcüstanın təhsil, elm və gənclik naziri Qiorqi Amilaxvarinin qərarına əsasən, 2024-2025-ci tədris ilindən gürcü dili üzrə hazırlıq təhsil proqramına (1+4) daxil olan tələbələrin dövlət təhsil qrantının maliyyələşdirilməsi ikiqat artırılıb. Məlumatı Təhsil, Elm və Gənclik Nazirliyi yayır.
Nazirlikdən verilmiş məlumat üzrə, təhsil 100-100 erməni və azərbaycandilli tələbə əvəzinə 200-200 tələbə üçün maliyyələşdiriləcək.
“Qeyd etmək lazımdır ki, Azərbaycan və erməni dilli testlərin nəticələrinə əsasən “1+4” təhsil proqramına qəbul olmuş tələbələrin dövlət təhsil qrantı ilə maliyyələşdirilməsi 450 000-450 000 lari təşkil edəcək və hər il maliyyələşmənin həcmi artacaq.
Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyinin əsas prioritetlərindən biri etnik azlıqların nümayəndələrinin təhsilə çıxış imkanlarının artırılmasıdır. “1+4” təhsil proqramı çərçivəsində tələbələrin təhsilinin maliyyələşdirilməsinin həcminin iki dəfə artırılması da bu məqsədə xidmət edir.
Bildiyiniz kimi, “1+4” təhsil proqramı etnik azlıq nümayəndəsi olan abituriyentlər üçün xüsusi güzəşt siyasəti çərçivəsində həyata keçirilir və onlara sadələşdirilmiş qaydada ali təhsil müəssisəsində təhsilini davam etdirmək hüququ əldə etmək və konkret təhsil proqramını mənimsəməzdən əvvəl gürcü dili üzrə biliklərini təkmilləşdirmək imkanı verir. Belə ki, etnik azlıq nümayəndəsi olan tələbələr “1+4” təhsil proqramı çərçivəsində ana dilində ümumi qabiliyyət imtahanını verərək istədikləri universitetdə təhsil ala bilərlər.
“1+4” təhsil proqramı tələbələr üçün sadələşdirilmiş qəbul qaydaları ilə yanaşı, maliyyələşdirməni də nəzərdə tutur. Tələbələr ana dilində imtahandan müvəffəqiyyətlə keçərsə, gürcü dili üzrə hazırlıq təhsil proqramı maliyyələşdirilir, proqramı bitirdikdən sonra onlar seçdikləri təhsil proqramı üzrə həmin ali təhsil müəssisəsində təhsillərini tam maliyyələşdirilmiş şəkildə davam etdirirlər”- nazirliyin məlumatında qeyd olunub.