Gürcü azarkeşlər İspaniya - Gürcüstan matçını yenidən Mixail Mesxi adına stadionda izləyə biləcəklər
Gürcüstanlı azarkeşlər iyunun 30-da Mixail Mesxi adına stadionda keçiriləcək Gürcüstan millisinin növbəti oyununun açıq nümayişində iştirak edə biləcəklər, bu barədə Tbilisi meri Kaxa Kaladze bələdiyyə hökumətinin bugünkü iclasında bildirib.
Onun sözlərinə görə, sözügedən matçın nümayişi zamanı azarkeşlərin rahat hərəkət etməsi üçün bələdiyyə avtobuslarının bəziləri daha uzun müddət işləyəcək.
“Milli komandaya dəstək olmaq istəyən bütün azarkeşlər Mixail Mesxi adına stadiona gəlsin. Nümayişdə iştirak pulsuzdur. Tiflis meriyasının və Gürcüstan Futbol Federasiyasının təşkilatçılığı ilə ərazidə 6 böyük ekran quraşdırılacaq və stadiondan kənarda yemək zonası təşkil olunacaq. Mixail Mesxi adına stadionda keçiriləcək qarşılaşmanın yayımına qatılacaq vətəndaşlara iyulun 1-i saat 02:00-dək N173, N301, N307, N311, N345, N351, N354, N358, N359, N385 və N388 avtobusları xidmət göstərəcək”. – Kaxa Kaladze bildirib.
Gürcüstanın futbol yığması Tbilisi vaxtı ilə saat 23:00-da Almaniyanın Köln şəhərində İspaniya millisi ilə qarşılaşacaq.