Çin Xalq Respublikasında rəsmi səfərdə olan “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyəti Çinin hakim partiyasının Beynəlxalq Departamentinin rəhbəri, nazir Liu Dzinchao, nazir müavini Sun Xaian və Dövlət Şurasının İnkişaf Araşdırmaları Departamentinin vitse-prezidenti Chanq Laiminq ilə görüşüb.
“Biz Çinə rəsmi səfər çərçivəsində hakim partiyanın beynəlxalq departamentinin rəhbəri, nazir Liu Dzinchao, eləcə də nazir müavini ilə görüşdük, həmçinin Dövlət Şurası nəzdində fəaliyyət göstərən tədqiqat mərkəzinin rəhbərliyi ilə də görüşümüz oldu. Əməkdaşlığın dərinləşdirilməsindən danışmaq olduqca maraqlıdır. Ötən il Çin və Gürcüstan arasında münasibətlərin dərinləşməsi baxımından tarixi olub. Strateji tərəfdaşlıq sazişi imzalandı və bizim məqsədimiz təbii ki, bu əməkdaşlıq sazişinin lazımi şəkildə həyata keçirilməsini təmin etməkdir və səfərimiz də buna xidmət edir. Gürcüstan və Çin arasında əlaqələrin inkişafına böyük əhəmiyyət veririk. Münasibətlərin dərinləşdirilə biləcəyi çoxlu sahələr var. Çinlə əməkdaşlığımız müxtəlif nöqteyi-nəzərdən son dərəcə mühümdür, Çinlə siyasi əməkdaşlıq bizim üçün vacibdir, iqtisadi əməkdaşlıq vacibdir və bu əməkdaşlıq ölkəmiz və ölkəmizin əhalisi üçün olduqca nəzərə çarpan nəticələr verə bilər”- deyə İrakli Kobaxidze açıqlayıb.
Hakim partiyanın nümayəndə heyətinə parlament sədrinin birinci müavini Qiorqi Volski, parlamentin sədr müavini İrakli Çikovani, xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze, sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri Davit Sonğulaşvili, aqrar məsələlər komitəsinin sədri Nino Tsilosani və idman komitəsinin sədrinin birinci müavini Viktor Sanikidze daxildir.