“Gürcü arzusu”nun sədri İrakli Kobaxidzenin rəhbərliyi ilə hakim partiyanın nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri başa çatıb.
Bu gün nümayəndə heyətinin üzvləri Şanxayın Linqanq rayonunda yerləşən yeni azad iqtisadi zonanın rəhbəri Çao Yihuay və Şanxay Şurasının sədr müavini Çen Cin ilə görüşüb, azad iqtisadi zonanı gəzib və onun iş xüsusiyyətləri ilə tanış olublar.
“Bu gün biz Çinə səfərimizi başa vurduq, hakim partiyanın xarici komandasının rəhbərliyi, nazir, nazir müavini, eləcə də ticarət nazirinin müavini, Ümumçin Xalq Nümayəndələri Yığıncağının sədr müavini, həmçinin Şanxay şəhərinin rəhbərliyi ilə çox səmərəli görüşlərimiz oldu. Potensial çox böyükdür. Arzumuz və məqsədimiz Çin ilə müxtəlif səviyyələrdə və müxtəlif istiqamətlərdə əməkdaşlığı dərinləşdirməkdir. Keçən il strateji tərəfdaşlıq sazişi imzalanıb ki, bu da tərəfdaşlığın bütün sahələrdə dərinləşməsi üçün çox yaxşı zəmin yaradır. Təbii ki, siyasi əməkdaşlıq vacibdir, bizim iqtisadiyyat sahəsində xüsusi potensialımız var, biz bu potensialdan maksimum istifadə etməliyik”, – deyə İrakli Kobaxidze bildirib.
Çin Xalq Respublikasına səfər çərçivəsində Pekində və Şanxayda yüksək səviyyəli görüşlər keçirilib.
“Gürcü arzusu” nümayəndə heyəti Çinin hakim partiyasının beynəlxalq departamentinin rəhbəri, nazir Liu Cinchao, nazir müavini Sun Khaian, Dövlət Şurasının İnkişaf Araşdırmalar Departamentinin vitse-prezidenti Çanq Laiminq, Ümumçin Xalq Konqresinin prezidiumu rəhbərinin müavini Siao Dziye, Çinin ticarət və kommersiya nazirinin müavini Ling Dze və Şanxay Şurasının sədr müavini Çen Jing ilə görüşüb.
Nümayəndə heyəti Şanxay İnkişaf Sərgi Mərkəzində olub, burada Şanxayın inkişafı üzrə iqtisadi planla tanış olublar.
Hakim partiyanın nümayəndə heyətinə parlament sədrinin birinci müavini Qiorqi Volski, parlament sədrinin müavini İrakli Çikovani, xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze, sektoral iqtisadiyyat və iqtisadi siyasət komitəsinin sədri Davit Sonqulaşvili, aqrar məsələlər komitəsinin sədri Nino Tsilosani və idman komitəsi sədrinin birinci müavini Viktor Sanikidze daxil idi.
Müəllif -
Mehemmed Bayramaliyev