"Gürcü Arzusu" dekabrın 30-da partiyanın qurultayını keçirəcək
"Gürcü Arzusu" dekabrın 30-da partiyanın qurultayını keçirəcək

 
“Gürcü Arzusu” dekabrın 30-da partiyanın qurultayını keçirəcək. Bu barədə partiyanın sədri İrakli Kobaxidze partiyada keçirdiyi brifinqdə açıqlayıb.

Kobaxidzenin qeyd etdiyi kimi, qurultayda ümumi siyasi məsələlər və 2024-cü ilin parlament seçkilərinə hazırlıqla bağlı məsələlər müzakirə olunacaq.

Bununla yanaşı, o, partiyanın qurultayında partiyanın siyasi şurasının tərkibinin yenilənəcəyini bildirib.

“Partiyanın siyasi şurasının iclası keçirilib və cari siyasi məsələlər müzakirə olunub. Siyasi şuranın qərarına əsasən, partiyanın qurultayı dekabrın 30-da 350-dək nümayəndənin iştirakı ilə keçiriləcək. Qurultayda ümumi siyasi və 2024-cü ilin parlament seçkilərinə hazırlıqla bağlı məsələlər müzakirə olunacaq. Bundan başqa, partiyanın qurultayında partiyanın siyasi şurasının tərkibi yenilənəcək, nizamnaməsinə kiçik dəyişiklik ediləcək və partiya qurultayı tərəfindən siyasi şuraya əvvəl müəyyən edilmiş 20 üzv yerinə 15 üzv seçiləcək.

Siyasi şuranın qərarına əsasən, qurultaya təsdiq edilməsi üçün siyasi şuranın aşağıdakı tərkibi təqdim olunacaq – İrakli Ğaribaşvili, Kaxa Kaladze, Şalva Papuaşvili, Mamuka Mdinaradze, Dimitri Samxaradze, Tea Tsulukiani, Vaxtanq Qomelauri, Tornike Rijvadze, Qiorqi Volski, Arçil Talakvadze, İrakli Çikovani, Anri Oxanaşvili, Nikoloz Samxaradze, Maka Bochorişvili və Mariam Kvrivişvili. Partiyanın nizamnaməsinə əsasən, siyasi şuranın tərkibinə vəzifəsi üzrə partiyanın sədri daxildir” – deyə İrakli Kobaxidze açıqlayıb.

Bununla yanaşı, Kobaxidze siyasi şuranın tərkibinin mahiyyətcə dəyişməz olaraq təsdiqlənəcəyini bildirib.

“Son dövrlərdə Kaxa Kuçava və Eka Tikaradze, faktiki olaraq, partiyanın fəaliyyətində iştirak etmirdilər. Onlarla söhbətimiz oldu, artıq siyasi şurada təmsil olunmurlar. Geridə qalan tərkib dəyişməzdir. Vaxtilə siyasi şura 21 nəfərdən ibarət tərkibdə təsdiq edilmişdi, indi biz onu azaldırıq və 15+1 olacaq” – deyə Kobaxidze açıqlayıb.