“Gürcü Arzusu” bu gün rəsmi olaraq Gürcüstanın baş naziri vəzifəsinə namizədini irəli sürəcək
“Gürcü Arzusu” siyasi birliyi bu gün partiyanın siyasi şurasının iclasını və qurultayını keçirəcək.
Siyasi şurada baş nazirin namizədliyi rəsmən təsdiqlənəcək, saat 14:00-da başlayacaq qurultayda isə partiyanın yeni sədri seçiləcək.
Hakim komandada hökumətin yeni tərkibinin adını açıqlayacaq partiyanın hazırkı sədri İrakli Kobaxidzenin baş nazir vəzifəsinə namizəd olacağını inkar etmirlər. Partiya sədri vəzifəsini isə artıq keçmiş baş nazir İrakli Ğaribaşvili tutacaq.
Növbəti sessiya həftəsi üçün parlamentdə yeni baş nazirin və hökumətin tərkibinin təsdiqlənməsi planlaşdırılır.
Yanvarın 29-da İrakli Ğaribaşvili baş nazirlikdən istefa verdiyini elan etdikdən sonra hökumətdə dəyişikliklər zərurəti yaranıb.