Gürcüstanın basketbol üzrə milli komandası bu gün Ukrayna ilə qarşılaşacaq – oyunun canlı yayımı Gürcüstanın Birinci Kanalında #1TVSPORT

11:30, 02.07.2026

Gürcüstan millisi bu gün Ukrayna ilə qarşılaşacaq

Gürcüstanın basketbol üzrə milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə üz-üzə gələcək. Qarşılaşma Latviyada, Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Oyunun canlı yayımını Gürcüstanın Birinci Kanalı təqdim edəcək.

Gürcüstan millisi

“Xaçlılar” ləqəbli Gürcüstan yığması bu oyuna Latviyada hazırlaşıb. Komanda hazırlıq çərçivəsində Anqola və Latviya millilərinə qarşı yoldaşlıq görüşləri keçirib. Həmin oyunlarda komandanın kapitanı Tornike Şengeliyanın iştirakı olmayıb. O, gərgin klub mövsümünü yenicə başa vurub və artıq Ukrayna ilə matça tam hazırdır.

Milliyə həmçinin Qoqa Bitadze və Beka Burcanadze də qayıdıblar. Burcanadze fevral ayından sonra zədəsini müalicə edirdi və hazırda tam hazır vəziyyətdədir. Bitadze isə mövsüm ərzində NBA-dakı çıxışına görə milli komandaya qoşula bilməmişdi. Eyni səbəbdən Sandro Mamukelaşvili də yığmaya kömək edə bilmirdi.

Qoqa Bitadze Ukraynaya qarşı oyunda meydana çıxacaq. Sandro Mamukelaşvili isə bu görüşdə iştirak etməyəcək. O, bir neçə gün əvvəl sərbəst agent statusu alıb və hazırda NBA klubları ilə danışıqlar aparır. Buna görə də qüvvədə olan klub müqaviləsi olmadığından onun sığortalanması hüquqi baxımdan mümkün deyil.

Ukrayna millisi

Ukrayna millisi üçün Gürcüstana qarşı qələbə dünya çempionatına gedən yolda mühüm addım olacaq. Komandanın baş məşqçisi Aynars Baqaçkis qarşıdakı oyunla bağlı bunları deyib:

“Gürcüstanın heyətində Rid, Şengeliya və Bitadze kimi güclü basketbolçular var. Onlara qarşı necə oynayacağımızı yaxşı bilməliyik.

İlk oyunda gürcülərə qarşı sürətli basketbol oynadıq və bunun sayəsində qalib gəldik. Bu dəfə də eyni oyunu sərgiləməliyik – yüksək tempdə çıxış etməli və rəqibin öz oyun ritmini tapmasına imkan verməməliyik.”

A qrupunda vəziyyət və turnirin formatı

Dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda Avropadan ümumilikdə 32 milli komanda mübarizə aparır. Onlar altı oyun pəncərəsi ərzində, iki mərhələli seçmə sistemində 12 vəsiqəni bölüşəcəklər. İlkin mərhələ başa çatdıqdan sonra hər qrupun ilk üç komandası növbəti mərhələyə yüksələcək və burada altı komandadan ibarət dörd yeni qrup formalaşdırılacaq.

Hazırda A qrupunda vəziyyət belədir: dörd oyunda dörd qələbə qazanan İspaniya turnir cədvəlinə başçılıq edir. Ukrayna və Gürcüstanın hərəsinin aktivində iki qələbə var. Danimarka isə hələ qələbə qazana bilməyib və sonuncu pillədə qərarlaşıb.

İspaniya və Gürcüstan artıq növbəti mərhələyə yüksəlməyi təmin ediblər. Böyük ehtimalla, onlara Ukrayna da qoşulacaq. Çünki Danimarkanın turnir cədvəlində Ukraynanı geridə qoyması real görünmür.

İkinci qrup mərhələsi 2026-cı ilin avqust və noyabr aylarında, həmçinin 2027-ci ilin fevralında keçiriləcək. Bu mərhələdə komandalar yalnız ilk mərhələdə qarşılaşmadıqları yeni rəqiblərlə oynayacaqlar. Nəticədə hər yeni qrupun ilk üç komandası dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

Tarixi baxış

Gürcüstan millisi dünya çempionatında ilk dəfə 2023-cü ildə iştirak edib. Yaponiyada keçirilən turnirin F qrupunda Gürcüstan Kabo-Verde və Venesuela yığmalarını məğlub edib, Sloveniyaya uduzmasına baxmayaraq növbəti mərhələyə yüksəlib. İkinci mərhələdə isə gələcək dünya çempionu Almaniya və Avstraliya millilərinə məğlub olan Gürcüstan mundialı 16-cı pillədə başa vurub.

2027-ci il Dünya Çempionatı

Növbəti basketbol üzrə dünya çempionatı 2027-ci il avqustun 27-dən sentyabrın 12-dək Qətərdə keçiriləcək. Ev sahibi statusuna görə, hazırda yalnız Qətər millisinin final mərhələsində iştirakı rəsmən təmin olunub.

Dünya çempionatının final mərhələsində ümumilikdə 32 milli komanda mübarizə aparacaq. Vəsiqələr qitələr üzrə aşağıdakı qaydada bölüşdürüləcək:

Avropa – 12 vəsiqə;
Amerika – 7 vəsiqə;
Asiya və Okeaniya – 7 vəsiqə;
Afrika – 5 vəsiqə;
Ev sahibi Qətər – 1 vəsiqə.

Oxşar