Gürcüstanın Baş naziri rəsmi səfərlə Qazaxıstana yola düşüb

10:40, 29.06.2026

Gürcüstanın Baş naziri İrakli Kobaxidze rəsmi səfərlə Qazaxıstana yola düşüb.

Gürcüstan Baş nazirinin mətbuat xidmətinin məlumatına görə, Qazaxıstanın Müstəqillik Sarayında Baş nazirin rəsmi qarşılanma mərasimi keçiriləcək.

Səfər çərçivəsində İrakli Kobaxidzeni Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qəbul edəcək. Tərəflər arasında təkbətək və geniş tərkibdə görüşlərin keçirilməsi planlaşdırılır. Görüşlərdən sonra iki ölkənin aidiyyəti qurumları arasında müxtəlif sahələrdə əməkdaşlığa dair memorandumlar imzalanacaq.

Rəsmi səfər çərçivəsində Gürcüstan hökumətinin başçısının Qazaxıstanın Baş naziri Oljas Bektenov ilə də görüşü nəzərdə tutulub. Görüşdə hər iki ölkənin hökumət üzvləri iştirak edəcəklər.

İrakli Kobaxidze Qazaxıstana nümayəndə heyəti ilə səfər edib. Nümayəndə heyətinə Baş nazirin müavini, xarici işlər naziri Maka Boçorişvili, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonğulaşvili, eləcə də hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.

Oxşar