Qrup şəklində törədilmiş qəsdən adam öldürmə faktı üzrə 2 nəfər saxlanılıb
Qrup şəklində törədilmiş qəsdən adam öldürmə faktı üzrə 2 nəfər saxlanılıb

 

Gürcüstanın Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Şöbəsinin əməkdaşları tərəfindən “isti izlər”lə həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 2001-ci il təvəllüdlü N.A. və 2005-ci il təvəllüdlü A.A . qrup şəklində törədilmiş qəsdən adam öldürmə ittihamı ilə saxlanılıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

“İstintaqla N.A., A.A. və onların yanında olan şəxsin taksi ilə Tbilisidən Marneuli istiqamətində hərəkət edərkən sözügedən avtomobilə yiyələnmək və maddi fayda əldə etmək məqsədilə taksi sürücüsünü – 1969-cu il təvəllüdlü Ş.L.-ni öldürmək niyyətində olduqları müəyyən edilib. Təqsirləndirilən şəxslər avtomobili dayandırıblar, bundan sonra onu qətlə yetiriblər, izlərini ört-basdır etmək məqsədilə qətlə yetirilmiş kişinin cəsədini Kvemo Kartli bölgəsində çaylardan birinin sahilində basdırıblar. Təqsirləndirilən şəxslər qanunsuz yiyələndikləri avtomobillə Marneuli Munisipalitetində öz evlərinə gediblər və izlərini ört-basdır etmək məqsədilə sahib olduqları avtomobil təmiri müəssisəsində avtomobili hissə-hissə parçalamağa başlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları N.A. və A.A.-nın izini tapıblar, bundan sonra da onları təqsirləndirilən şəxs qismində saxlayıblar.

Eyni cinayətdə iştirak edən daha bir şəxsin yerinin müəyyən edilərək saxlanılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir” – deyə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Qrup şəklində törədilmiş qəsdən adam öldürmə faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “i” yarım bəndi ilə aparılır. Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbsi nəzərdə tutur.