Qivi Mikanadze Gürcüstan İqtisadçılarının Milli Elmi Konfransında iştirak edib
Samtsxe-Cavaxeti Dövlət Universitetində Gürcüstan İqtisadçılarının 8-ci Milli Elmi Konfransı keçirilib və burada Gürcüstanın elm, təhsil və gənclər naziri Qivi Mikanadze iştirak edib.
Nazir çıxışı zamanı dünyada gedən iqtisadi proseslərə, Gürcüstanın qarşısında dayanan çağırışlara və ölkənin iqtisadi inkişafına töhfə verəcək imkanlara xüsusi diqqət yetirib.
Qivi Mikanadzenin qeyd etdiyi kimi, Gürcüstanın coğrafi mövqeyi ölkəyə mühüm strateji üstünlük qazandırır və inkişaf üçün böyük potensialın yaradılması imkanını verir.
“Orta Dəhlizin inkişafı Gürcüstan üçün bir çox yeni imkanlar yaradacaq. Bu imkanlardan tam şəkildə yararlanmaq üçün isə nəqliyyat və digər infrastrukturun inkişafı ilə yanaşı, elmə, texnoloji tərəqqiyə, innovasiyalara və insan kapitalının gücləndirilməsinə xüsusi önəm verilir. Bu istiqamətdə regional universitetlərin əhəmiyyətini xüsusi vurğulamaq istərdim, çünki onların regionun sosial-iqtisadi inkişafında böyük töhfəsi var.
Bizim məqsədimiz regional universitetlərin müasir biliklərin yayılması, tədqiqat fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əlaqələrin dərinləşdirilməsi istiqamətində onlara maksimum dərəcədə dəstək olmaqdır. Ali təhsil pilləsində həyata keçirilən milli islahat da məhz buna xidmət edir”, – deyə Qivi Mikanadze bildirib.
Konfrans Gürcüstan Milli Elmlər Akademiyasının təsis edilməsinin 85 illik yubileyinə həsr olunub. Tədbirdə həmçinin Gürcüstanın elm, təhsil və gənclər nazirinin müavini Zviad Qabisonia, yerli hakimiyyət orqanlarının nümayəndələri, Gürcüstan Milli Elmlər Akademiyasının üzvləri, ali təhsil müəssisələrinin akademik heyəti, elmi-tədqiqat institutlarının elmi əməkdaşları, gənc tədqiqatçılar və sahənin aparıcı ekspertləri iştirak ediblər.
Təhsil və Elm Nazirliyinin mətbuat xidməti məlumat yayır.