Qiorqi Vaşadze - rus qanununun qəbuluna maksimum müqavimət göstərəcəyik, biz mütləq qalib gələcəyik, çünki güc bizim tərəfimizdədir, biz çoxluqdayıq
Qiorqi Vaşadze - rus qanununun qəbuluna maksimum müqavimət göstərəcəyik, biz mütləq qalib gələcəyik, çünki güc bizim tərəfimizdədir, biz çoxluqdayıq

 

Rus qanununun qəbuluna maksimum müqavimət göstərəcəyik- bu barədə “Quruculuq Strategiyası”nın lideri Qiorqi Vaşadze açıqlayıb.

O, parlamentin “Xalqın Gücü”nün təşəbbüsü ilə irəli sürülən qanun layihəsini qəbul etməməsi üçün hər şeyi edəcəklərini və mübarizə aparacaqlarını bildirib.

“Bir-birimizlə tam koordinasiyamız var. Komitə iclaslarının xüsusi təyinatlıların müşaiyəti ilə keçirildiyinə şahid olursunuz. İqtidarın bu şəkildə zorakılıq etdiyinə dair Gürcüstanın parlament tarixi, Gürcüstanın müstəqillik tarixi analoji presedenti xatırlamır. Biz ictimaiyyətə göstəririk ki, rus qanununun qəbuluna qəti və maksimal şəkildə qarşı çıxacağıq. İstər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda bizim vəzifəmiz odur ki, bütün Gürcüstan və dünya görsün ki, bu gün Gürcüstan iqtidarı adlanan nəhəng düşmənlə necə mübarizə aparırıq. Biz tamamilə hər yerdə problem yaradacağıq. Bugünkü gün olduqca mühümdür, cəmiyyətin “Gürcü Arzusu” timsalında əslində rus gücü ilə qarşı-qarşıya qaldığımızı görməsi üçün bugünkü gün önəmlidir. Üzləri olmadığını görürsünüz, ehtiyatlı və qorxmuş vəziyyətdədirlər.

Biz hər dəqiqə, hər saniyə, hər vəziyyətdə mübarizə aparacağıq. Bu gün yenə də haradasa bu qanunun müzakirəsi olsa, biz hər yerdə iştirak edəcəyik və hər yerdə insanlara onların qorxaq, rus simasını göstərəcəyik. Biz hər yerə daxil olacağıq və hər yerdə xüsusi xidmət orqanlarının arxasında necə gizləndiklərini sizlərə göstərəcəyik. Gürcüstanın bütün vətəndaşları bu insanlara öz hökmünü yazmalıdır. Vətənə xəyanət edənlərin hamısı Filipe Maxaradzelər və Serqo Orconikidzelər olaraq yaxın tarixə yazılacaqlar, yeri gəlmişkən, mən bilirəm ki, bu deputatların bir çoxunun ailə üzvləri ilə artıq problemləri var, onların ailə üzvləri etdikləri anti-gürcü əməllərə görə onlarla münaqişə yaşayırlar. Özlərini bu nöqtəyə gətirib-çıxarmalarına təəssüf edirəm. Biz mütləq qalib gələcəyik, çünki güc bizim tərəfimizdədir, biz çoxluqdayıq” -deyə Qiorqi Vaşadze açıqlayıb.