Qiorqi Amilaxvari azərbaycanlı həmkarı ilə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib
Gürcüstanın təhsil və elm naziri Qiorqi Amilaxvari Gürcüstanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevi, Azərbaycan Diplomatik Akademiyasının (ADA Universiteti) rektoru Hafiz Paşayevi və nümayəndə heyətinin digər üzvlərini qəbul edib.
Təhsil Nazirliyindən verilən məlumata görə, nazirlikdə keçirilən görüşdə nazirlər Gürcüstan və Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsi məsələlərini və birgə layihələrin həyata keçirilməsi yollarını müzakirə ediblər.
Qiorqi Amilaxvari Emin Əmrullayevə səmərəli tərəfdaşlığa görə təşəkkür edib və iki ölkə arasında təhsil və elm sahəsində sıx əməkdaşlığı müsbət qiymətləndirib. Söhbətdə məktəb dərsliklərinin təkmilləşdirilməsi, müəllimlərin ixtisaslılığının artırılması məsələlərinə toxunulub. Tərəflər həmçinin Gürcüstan və Azərbaycanın akademik dairələri ilə ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi, birgə elmi və tədqiqat layihələrinin həyata keçirilməsi məsələlərini də müzakirə ediblər.
Görüşdən sonra Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti və Kutaisi Beynəlxalq Universiteti arasında təhsil və mədəniyyət sahəsində əlaqələrin dərinləşdirilməsi məqsədilə Azərbaycan Diplomatik Akademiyası ilə əməkdaşlıq memorandumu imzalanıb.
Sənədi Tbilisi Dövlət Universitetinin rektoru, akademik Caba Samuşia, Gürcüstanın Texniki Universitetinin rektoru, akademik Davit Qurqenidze, Kutaisi Beynəlxalq Universitetinin rektoru, professor Aleksandr Tevzadze və Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz Paşayev imzalayıblar.
Qeyd edək ki, əməkdaşlıq çərçivəsində həm professor-müəllim heyətinin, həm də tələbələrin iştirakı ilə birgə mübadilə proqramlarının, tədqiqat layihələrinin və peşəkar təlimlərin təşkili nəzərdə tutulub. Bundan əlavə, memorandum müxtəlif seminarların, konfransların və mədəni proqramların həyata keçirilməsinə dəstək edilməni nəzərdə tutur.
Məlumatı Gürcüstanın Təhsil və Elm Nazirliyi yayıb.