“Geo Sky” aviaşirkətinin rəhbəri - Sudanda olan 30 Gürcüstan vətəndaşından 20-si şirkətin işçisidir, onlar təhlükəsiz yerdədirlər, ailə üzvləri ilə daim əlaqə saxlayırlar
“Geo Sky” aviaşirkətinin rəhbəri - Sudanda olan 30 Gürcüstan vətəndaşından 20-si şirkətin işçisidir, onlar təhlükəsiz yerdədirlər, ailə üzvləri ilə daim əlaqə saxlayırlar

 

“Geo Sky” aviaşirkətinin baş direktoru Şalva Kiknadze Sudanın paytaxtı Xartumdakı 30 gürcüdən 20-sinin şirkətin əməkdaşı olduğunu bildirib.

Şalva Kiknadzenin Gürcüstanın Birinci Kanalına açıqladığı üzrə aviaşirkətin pilotları, stüardessaları və mühəndisləri Sudandadırlar. Kiknadze onların təhlükəsiz yerdə olduqlarını və ailə üzvləri ilə daim əlaqə saxladıqlarını bildirib.

“Bir az bundan əvvəl biz onları su və yeməklə təmin etdik. Təbii ki, Xarici İşlər Nazirliyi tərəfdaş ölkələrlə, eləcə də BMT missiyası məsələ ilə məşğul olur və biz birlikdə əməkdaşlarımızın gələcək təxliyyəsi üçün təhlükəsiz dəhlizin təmin edilməsi məqsədilə tərəflər arasında razılaşmanı gözləyirik. Biz onlarla daim əlaqə saxlayırıq. Onların internetə çıxışı var və ailə üzvləri ilə daim əlaqə saxlayırlar. Evləri tərk etmirlər, pəncərəyə, balkona çıxmaqdan çəkinirlər. Əsasən, hamı bir yerdədir. Məndə olan məlumata görə, bu toqquşmalar genişmiqyaslıdır. Demək olar ki, toqquşmalar onlardan təxminən 2 kilometr radiusda baş verir”-deyə Kiknadze qeyd edib.

Bundan əlavə, Sudanda olan daha 10 Gürcüstan vətəndaşı barədə məlumatının olub-olmaması ilə bağlı suala Kiknadze cavabında onların ikinci aviaşirkət olan “MyWay”in əməkdaşları olduqlarını və onlarla da əlaqə qurduqlarını bildirib.

“Təxliyə yollarından biri hava yoludur. Bizim hava gəmimiz var. Əgər belə bir razılaşma olarsa və bizə hava yolu ilə təxliyə etmək imkanı verilərsə, biz öz təyyarəmizlə 100-ə qədər Gürcüstan vətəndaşını, səfirliyin əməkdaşlarını oradan gətirməyə hazırıq. Əməkdaşlarımız bir aydır Sudandadırlar. Müqavilədə nəzərdə tutulan işləri yerinə yetirirdik. Biz Sudandan İstanbula və Avropaya reyslər həyata keçiririk. Hər hansı münaqişənin baş verə biləcəyi üçün heç bir ilkin şərt yox idi. Biz sərnişin daşımaları həyata keçirirdik”-deyə Kiknadze qeyd edib.

O, toqquşmaların əsasən aeroportun yaxınlığında baş verdiyini söyləyib.

“Əgər Sudanı hava yolu ilə tərk etmək mümkün olarsa, bunun üçün gəmi, eləcə də uçuş-eniş zolağı üçün bir sıra yoxlamalar lazım gələcək və yalnız bundan sonra gəminin havaya qalxıb-qalxmaması barədə qərar qəbul edə bilərik . Biz Gürcüstanın Xarici İşlər Nazirliyi ilə daim əlaqə saxlayırıq. Humanitar dəhlizə gəlincə, hesab edirəm ki, bir çox ölkələrin nümayəndələri Sudandadırlar və müxtəlif istiqamətlərdə işləyirlər. Bundan irəli gələrək ABŞ, eləcə də Avropa ölkələri, səfirliklər və ya nazirliklər, yəqin ki, hər iki tərəflə danışmaq, ən azı müvəqqəti olaraq atəşi dayandırmaq və humanitar dəhliz yaratmaq üçün prosesdə birgə iştirak edirlər” -deyə Şalva Kiknadze açıqlayıb.