Gecə saatlarında Moskva və Moskva vilayətinə miqyaslı hücum həyata keçirilib, ən azı iki nəfər həlak olub
Moskva meri Sergey Sobyaninin bildirdiyinə görə, hava hücumundan müdafiə qüvvələri Moskvaya qarşı ən miqyaslı dron hücumunun qarşısını alıb. Onun sözlərinə görə, ötən gündən bəri Rusiya paytaxtının ətrafında 1600-dən çox pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov hava hücumundan müdafiə sistemlərinin səhər saat 3-dən səhər saat 5-ə qədər 17 rayonda 249 pilotsuz uçuş aparatını vurduğunu bildirib. Vorobyovun məlumatına görə, zərbələr nəticəsində iki nəfər həlak olub və iki uşaq da daxil olmaqla ən azı altı nəfər yaralanıb.
Müxtəlif rayonlarda bir neçə bina, o cümlədən Moskva neft emalı zavodunun ərazisində yerləşən obyektlərdən birinə ziyan dəyib. Ramenskoyedə dronun düşməsindən sonra 21 mərtəbəli yaşayış binasının damında yanğın baş verib. Binadan 70-i uşaq olmaqla 400 nəfər təxliyə edilib. 20 avtomobilə ziyan dəyib. Rayon rəhbərinin məlumatına görə, dron ticarət mərkəzinə də çırpılıb.
Moskva hava limanlarında tətbiq edilən məhdudiyyətlər səbəbindən 30-dan çox təyyarə eniş edə bilməyib. Şeremetyevo hava limanına gedən təxminən 25 təyyarə digər aeroportlara yönləndirilib.
Bununla yanaşı, Vnukovo hava limanı təyyarələrin qəbulunu və yola salınmasını müvəqqəti dayandırıb. Hava limanının mətbuat xidmətinin bildirdiyinə görə, bu qərarı uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə qəbul ediblər.