Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı ən azı 14 hərbi qulluqçu həlak olub
Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı ən azı 14 hərbi qulluqçu həlak olub.
“BBC”nin məlumatına görə, əsgərləri Xəzər dənizi aparıb, daha üç nəfəri isə xilas etmək mümkün olub.
Ölkənin Daxili İşlər Nazirliyində bildiriblər ki, hərbi qulluqçuların həlak olması işi üzrə Müdafiə Nazirliyinin bir neçə vəzifəli şəxsi saxlanılıb. Onlar xidməti laqeydlikdə və gəminin idarəetmə qaydalarını pozmaqda ittiham olunurlar. Saxlanılanlar arasında Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Baş komandanının birinci müavini, iki hərbi hissə komandiri, həmçinin dəniz piyadaları bölməsinin və katerin komandirləri var.
Hadisə 24 sentyabrda Qazaxıstanın cənub-qərbində, Manqistau vilayətində baş verib.
Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev bəyan edib ki, 17 nəfəri dəniz aparıb. Onun sözlərinə görə, hadisə təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı, meteoroloji şəraitin kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində baş verib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hərbi qulluqçuların həlak olması ilə bağlı kədərini ifadə edib və 25 sentyabrı milli matəm günü elan edib.