Gürcüstan tarixində ilk dəfə olaraq Tetnuld kurortunda freeride dünya turu keçiriləcək. Gürcüstan Freeride World Tour-u keçirmək hüququ almış altı aparıcı eksklüziv ölkə (Kanada, Andorra, İspaniya, İsveçrə, Avstriya və Gürcüstan) sırasında yer alıb. Qərar Fransanın Annes şəhərində keçirilən illik Freeride tədbirində elan edilib.
Freeride dünya turunda 50 görkəmli idmançı (atlet) yarışacaq. Vurğulamaq lazımdır ki, Mestia dünyada freeride-nin yeni məkanına çevrilib və Tetnuld kurortu özünü freeeride həvəskarları üçün yeni kəşf məkanı kimi yerləşdirib.
Müsabiqə 2024-cü ilin mart ayında keçiriləcək.
İqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Mariam Kvrivişvilinin sözlərinə görə, bu qərar Gürcüstanın turizm brendinin gücləndirilməsi üçün çox vacibdir.
“Bu, bizə dağ-xizək turizmi məhsullarımızı yeni səviyyəyə çıxarmaq imkanı verir. Bu, ölkəmizin, o cümlədən, Svanetinin turizm məkanı kimi tanınmasını xeyli artıracaq ki, bu da ölkəmizin turizm brendini daha da gücləndirəcək. Bu, qış turizm mövsümündə ölkəmizin müxtəlif kurortlarına daha çox beynəlxalq səyahətçinin gəlməsinə töhfə verəcək”, – deyə Mariam Kvrivişvili bildirib.
Qeyd edək ki, ölkə iki il ərzində freeride-ın təsnifat mərhələlərini uğurla keçirib və ən yüksək səviyyədə keçirilən tədbirlər beynəlxalq ekspertlərin Gürcüstana diqqət yetirməsinə səbəb olub.
Freeride qış idmanının xüsusi növüdür, çətin və dağlıq ərazidə izi olmayan qarda sürüşməyi nəzərdə tutur. Dünya Turu 300 milyon tamaşaçını əhatə edir, ona görə də tədbir qış idman növlərinin və turizmin inkişafı üçün çox vacibdir.
Beynəlxalq miqyasda yüksək səviyyədə yarışların keçirilməsi Gürcüstanın dağ və xizək kurortlarının potensialını nümayiş etdirəcək, Gürcüstanın dağ və xizək kurortları haqqında yeni istiqamətdə məlumatlılığını artıracaq və onları həm yerli, həm də xarici turistlər və investorlar üçün daha cəlbedici edəcək, öz növbəsində Gürcüstanda turizmin inkişafına və müvafiq investisiya mühitinə töhfə verəcək.
Məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayıb.
Müəllif -
Mehemmed Bayramaliyev